“Çəyirtkələrin hücumuna hazırıq” – RƏSMİ

“Çəyirtkələrin hücumuna hazırıq” –         RƏSMİ

Yaqub Cəfərov: “Bütün tədbirlərə başlamışıq, nə qədər texnikamız varsa, cənub rayonlarına yerləşdiririk”

 

Cənubdan ölkə ərazisinə nəhəng çəyirtkə sürüsünün gələcəyi xəbərləri böyüyür. Fermerlər, aqranomlar təşviş içində çəyirtkə ilə mübarizə yollarını fikirləşirlər. Kənd təsərrüfatı məhsullarının çəyirtkə hücumuna məruz qalacağı xəbəri nə qədər realdır?

 

Bir qrup ekspert söhbətigedən çəyirtkə sürüsünün Azərbaycana gəlməsini mümkünsüz hesab edir. Buna belə aydınlıq gətirilir ki, həmin çəyirtkələr daha isti yerlərə hücum edirlər, bizdə isə hələlik havanın temperaturu yüksəlməyib.

 

Aqrar sektor üzrə ekspert Vahid Məhərrəmov AYNA-ya açıqlamasında deyib ki, əgər çəyirtkələr Türkiyəyə gəlibsə, demək ki, Azərbaycana gəlməsi ehtimalı böyükdür. “Söhbət böyük sürü halında minlərlə çəyirtkədən gedir. Birinci 3 ayda çox kiçik olur, daha isə 5 sm uzunluğunda ola bilir. Həm tam qarşısı alınmayan, həm də təsərrüfata ciddi zərər vuran çəyirtkə ilə mübarizəyə ciddi hazırlıq görülməlidir”.

“Bizdə çox vaxt mexaniki yolla mübarizə olub. Bir çox ölkələrdə onların miqrasiyası nəzarətə götürülür, təyyarə vasitəsilə həmin anda havadan dərmanlama aparılır. Çox sürətlə artan çəyirtkə ilə mübarizə aparmaq çətindir, hər mövsümdə belə çəyirtkə növləri olur. Amma sürü ilə gələ biləcək çəyirtkəyə qarşı peşəkar səviyyədə tədbir gərəkdir, əks halda kənd təssürüfatı böyük təhlükə qarşısında ola bilər”, - ekspert bildirib.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəis müavini Yaqub Cəfərov isə AYNA-nın sorğusuna cavab olaraq qeyd edib ki, bizim üçün hələik təhlükə yoxdur: “Vəziyyət hazırda nəzarətimizdədir. Bir vacib məqam var ki, bu çəyirtkələr, bədən temperaturu 35 dərəcəyə qalxanda uça bilirlər, hərəkət edə bilirlər. Bu səbəbdən ölkəmizin indiki hava şəraitində Azərbaycana gəlmə ehtimalı çox deyil. Bu çəyirtkələr şaxtaya davamlı deyil. Amma həddindən artıq tez çoxalan növdürlər. 1 kv. metrə 80-dən çox çəyirtkə düşür, populyasiyası genişdir, həm də çəkisindən artıq yeyirlər. Qarşılarına çıxan bütün bitkiləri, taxılı yeməklə yanaşı məhv edirlər”.

 

“Çəyirtkə mövsümü may-iyun aylarında olur, indi də ola bilsin ki, aprel ayında havalar isindikcə, temperatur artdıqca həmin çəyirtkə sürüsünün təsirinə məruz qala bilək. Artıq İranın cənubunda çəyirtkələr yayılıb, hektarlarla ərazini məhv ediblər”, - Xidmət rəsmisi deyib.

 

Mütəxəssisin sözlərinə görə, yaxın 50 ilin təcrübəsinə baxanda, bu cür cəyirtkə hücumları olub: “Mərakeş, İtaliya çəyirtkələri də bizim torpaqlara gəlib. 5 il əvvəl Asiya çəyirtkəsinin Həştərxan tərəfdən Quba, Bakı istiqamətində hücumu olmuşdu. Bir həftə ərzində onlar məhv edildi. İndi də bütün hallarda tədbirlərə artıq başanılıb. Nə qədər texnikamız varsa, cənub rayonlarına yerləşdiririk. Artıq 4 gündür, lazım olan texnika sınaqdan keçirilib. Çəyirtkələri qarşılamaq üçün tam hazırıq. Bizim ehtiyat pestisid fondumuz var, lazımi texnika də kifayət qədərdir, dövlət özü artıq qabaqlayıcı tədbirlərini görüb, heç kəs narahat olmasın”, - deyə Y.Cəfərov vurğulayıb.

Müəllif: Raminə Eyvazqızı      16 Mart 2020 19:12
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin