“Əvvəl güman edilirdi ki, burada ilk insanlar 15 min il əvvəl yaşayıblar”
Azərbaycanda ən qədim insan məskənlərindən biri Buzeyir mağarasıdır. Respublika əhəmiyyətli bu arxeoloji abidə Lerik rayonunun eyniadlı kəndinin ərazisində yerləşir. Talış dağlarının 1600 metrdən yuxarı yüksəkliklərində yerləşən mağaraları yerli sakinlər müxtəlif cür adlandırırlar.
Mağaralar Lerik-Buzeyir yolunun 10-cu kilometrliyində Zuvan çayı sahilindən başlayır. “Dağlar qapısı” adlandırılan bu ərazidə 3 müxtəlif ölçüdə və hündürlükdə mağaralar yerləşir.
Yerli sakinlərin sözlərinə görə, bu mağara əvvəl çox iri olub. Sonradan Lerik-Zuvand yolu salınanda dağın bir hissəsini partladıb yolu mağaranın qabağından salıblar. Nəticədə mağaranın az bir hissəsi qıraqda qalıb.
Tarixçi Həşim Kəlbiyev AYNA-ya deyir ki, Buzeyir kəndi ərazisində iyirmidən çox mağara və kaha var: “Bu mağaralardan yalnız ikisi tədqiq olunub. 1985-ci ildə arxeoloq Əsədulla Cəfərov Büzeyir mağarasını aşkarlayandan sonra məlum olub ki, ərazidə hələ Paleolit (Qədim Daş) dövründə insanlar yaşayıblar”.
“Yaşı yüz min ilə çatan ocaq yerləri aşkarlanıb. Əvvəl Talış bölgəsində ilk insanların 10-15 min il əvvəl yaşadıqları güman edilirdi. Buzeyir mağarası tədqiq ediləndən sonra məlum oldu ki, bölgədə ilk insanlar hələ 120 min il əvvəl yaşayıblar”, - deyə həmsöhbətimiz danışır.
Tədqiqatçıların fikrincə, indi çılpaq qayalıq olan ərazilər bir vaxtlar sıx meşəliklə örtülüb və qədim insanların burada yaşaması üçün münbit şərait mövcud olub. Orada tapılan heyvan sümükləri də ərazinin qədim flora və faunasından xəbər verir.
Sakinlərin bildirdiklərinə görə, Talış dağlarında vaşaqa bu gün də rast gəlmək mümkündür.
Ərazidə mağaralardan başqa qala, qədim qəbiristanlıq (İlk Dəmir dövrü, e.ə. XI-VIII əsrlər) və XIV-XVI əsrlərə aid yaşayış yeri kimi tarixi-arxeoloji abidələr də var.