Azərbaycan Prezidenti Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndidə Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.
AYNA.AZ xəbər verir ki, Rəşid Meredov Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkmən xalqının Milli Liderinə, Türkmənistan Prezidentinə və qardaş türkmən xalqına çatdırmağı xahiş edib.
Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Qarabağda aparılan bərpa və quruculuq işlərinin onda böyük təəssürat yaratdığını deyərək, bu bölgənin təbiətinin gözəlliyinə valeh olduğunu bildirib.
Görüşdə azərbaycanlılarla türkmənlərin ortaq etnik kökləri, tarix və mədəniyyət bağlantılarına malik iki qardaş xalq olduğu bir daha vurğulanıb. Ölkələrimiz arasında energetika, nəqliyyat, mədəniyyət, humanitar, elm, təhsil və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıldı. Xüsusilə Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinin, Türkmənistanda isə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi qeyd olunub.