Təhlükəsizlik rəsmiləri ona səfərin təhlükəli olduğunu düşünərək Almaniya paytaxtına getməməyi tövsiyə ediblər
Xaricdə yaşayan Rusiya müxalifətçisi Harri Kasparov təhlükəsizlik xidmətlərinin mümkün təhdidlər barədə xəbərdarlıqları səbəbindən Berlində keçirilən Berlin Azadlıq Həftəsi tədbirinə getməyib. AYNA.AZ xəbər verir ki, bu barədə “Bild” Kasparovun video bağlantı vasitəsilə etdiyi çıxışa istinadən məlumat yayıb.
Rusiya Prezidenti Vladimir Putinin və Ukrayna müharibəsinin kəskin tənqidçisi olan keçmiş dünya şahmat çempionu Berlin Azadlıq Həftəsi iştirakçılarına müraciət edərək deyib ki, tədbirdə iştirak etməyi planlaşdırıb, lakin təhlükəsizlik rəsmiləri ona səfərin təhlükəli olduğunu düşünərək Almaniya paytaxtına getməməyi tövsiyə ediblər.
Kasparov bildirib ki, "Rusiyanın mənə sui-qəsd etməyə çalışdığı barədə xəbərləri görmüş ola bilərsiniz. Təhlükəsizlik məsələlərində iştirak edən insanlar mənə Berlinə getməməyi tövsiyə ediblər, çünki bu, hazırda əsassız risk olardı".
O, təhlükəsizlik xidmətlərinin ona qarşı sui-qəsd planlarından xəbərdar olub-olmadığı və ya sadəcə ümumi tövsiyələr verib-vermədikləri barədə ətraflı danışmayıb. Çıxışında Kasparov Avropanın faktiki olaraq Putin üçün "oyun meydançasına" çevrildiyindən və Rusiya kəşfiyyat orqanlarının onu Avropa daxilində təhdid etməsinə imkan verdiyindən təəssüflənib.
Kasparovun sözlərinə görə, gələcəkdə Avropa siyasətçilərinin ailə üzvləri də daxil olmaqla, digər insanlar da təhlükə altında ola bilərlər.
FTB əvvəllər ABŞ-da Ukraynanı dəstəkləyən rusiyalı müxalifət xadimlərinə qarşı müəyyən məbləğdə pul müqabilində sui-qəsd planları quran bir Rusiya şəbəkəsinin aşkarlandığını açıqlamışdı. İspaniyanın "El Mundo" qəzeti öz mənbələrinə istinadən Kasparovun sui-qəsd hədəfinə çevrilən müxalifət xadimlərindən biri olduğunu bildirib. Bu məlumatlar rəsmi olaraq təsdiqlənməyib.