“Tehranın MAQATE ilə əməkdaşlığı dayandırmaq qərarı narahatlıq doğurur”
BMT İranın MAQATE ilə əməkdaşlığı dayandırması ilə bağlı yeni qərarından narahatdır. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.
BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib ki, Tehranın MAQATE ilə əməkdaşlığı dayandırmaq qərarı narahatlıq doğurur: "Biz rəsmi qərarı gördük və bu, açıq-aydın narahatlıq doğurur. İnanıram ki, BMT baş katibi Antonio Quterres İranın MAQATE ilə əməkdaşlığa çağırışlarında çox ardıcıl olub".
BMT baş katibinin nümayəndəsi İranın qərarını BMT-yə bildirməsi ilə bağlı məlumatı olmadığını söyləyib.
Xatırladaq ki, bu gün İranda MAQATE ilə əməkdaşlığın dayandırılması haqqında qanun qüvvəyə minib. Yeni qanuna əsasən, MAQATE müfəttişləri İranın nüvə proqramı obyektlərinə yalnız İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının qərarı əsasında baş çəkə biləcəklər.
İran hakimiyyətinin bu qərarına İsrail və ABŞ-ın İslam Respublikasındakı nüvə obyektlərinə qarşı hərbi əməliyyatları səbəb olub.