Gürcüstan yeni etiraz aksiyaları ilə üz-üzədir

Dünya

11.08.2019 - 12:28

"Ölkə avtoritarizmə sürüklənir"

 

Gürcüstanda müxalif “Rustavi 2” televiziya kanalının keçmiş baş direktoru Nika Qvaramia 3 ildən 5 ilədək azadlıqdan məhrum edilə bilər. AYNA AZƏRTAC-a istinadən xəbər verir ki, Gürcüstanın Baş Prokurorluğunda N.Qvaramiaya qarşı ittiham irəli sürülüb. N.Qvaramia səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

 

Baş Prokurorluqda keçirilən brifinqdə bildirilib ki, istintaq zamanı N.Qvaramiaya qarşı həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət ediləcək. Keçmiş baş direktorun günahı sübuta yetirilərsə, onu cərimə, iki il müddətinə islahedici iş, 6 aydan 2 ilədək ev dustaqlığı və ya 3 ildən 5 ilədək həbs cəzası gözləyir.

 

Qeyd edək ki, “Rustavi 2”nin sahibi dəyişəndən sonra N.Qvaramia iyulun 18-də kanalın baş direktoru vəzifəsindən azad olunub.

 

Prokurorluğun məlumatından sonra siyasətçilərin məsələyə münasibəti özünü çox gözlətməyib.

 

Sabiq prezident Georgi Marqvelaşvili bildirib ki, Gürcüstan avtoritarizmə gedir. “Son hadisələr göstərir ki, hakim partiya öz kursunu və ölkəni idarəetmə üsulunu dəyişib. Ölkə avtoritarizmə sürüklənir”, – deyə sabiq prezident vurğulayıb.

 

Digər siyasətçilər də telekanalın rəhbərinə qarşı ittihamın irəli sürülməsini ölkədə demokratiyanın boğulması kimi qiymətləndirirlər.

 

Analitiklərin fikrincə, Gürcüstanda yeni siyasi proseslər başlayır və ölkə yeni etiraz aksiyaları ilə üz-üzədir.

Müəllif: Ayna.az