Deputat: “İndi əsas iş diplomatların üzərinə düşür və istisna deyil ki, yaxın zamanda bu siyasətin real nəticələri olacaq”
İsraillə İran Arasında 12 gün davam edən və atəşkəs razılaşması ilə bitən müharibədən sonra proseslər siyasi-diplomatik müstəviyə keçib. Müharibə demək olar ki, ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrindən sonra bitdi və Amerika lideri Donald Tramp açıqca bildirdi ki, əgər İran uranın zənginləşdirilməsi prosesini davam etdirəcəksə, yeni zərbələr istisna deyil. Hazırda isə İran tərəfi də, İsrail tərəfi də 12 günlük müharibədə özünü qalib çıxmış kimi təqdim edir. Bununla yanaşı, İran ali rəhbərliyi bəyan edir ki, Tehran nüvə çalışmalarını davam etdirəcək.
Diplomatik savaşın davam etməsi fonunda isə yenidən “İbrahim razılaşması” gündəmə gəlib. Dünən Təl-Əvivdə reklam lövhəsində yer alan şəkil geniş müzakirələrə səbəb olub. Həmin fotoda israillə diplomatik əlaqələri olmayan Səudiyyə Ərəbistanının, Suriyanın, Liviyanın və Omanın liderləri İsrailin Baş naziri Benyamin Netanyahu və Trampla yan-yana göstərilib. Fotoda həmçinin Fələstin lideri Mahmud Abbas və “İbrahim razılaşması”nı imzalayan Bəhreynlə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) liderləri yer alıblar. Şəkilin başlığında isə belə qeyd edilib: “Yaxın Şərqdə yeni şans”. Ekspertlər bildirirlər ki, bu, yaxın Şərqin yeni dizaynı və “İbrahim razılaşması”na dönüşdür.
“İbrahim razılaşması”na qayıdış və İsrail-İran müharibəsindən sonrakı dövrdəki gözləntilərlə bağlı AYNA.AZ-ın suallarını Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov cavablandırıb. Millət vəkili xatırladıb ki, “İbrahim razılaşması” 2020-ci ildə rəsmi olaraq tətbiq olunmağa başlamış ərəb dövlətləri və İsrail arasında barışığı ehtiva edən plandır:
- Planın iki əsas hissəsi var idi: Fələstin münaqişəsinin həlli və yeni Fələstin dövlətinin yaradılması və ərəb region ölkələri ilə İsrail arasında barışıq prosesi. 2020-ci il, sentyabrın 15-də bu sazişin ilk uğuru oldu, BƏƏ, Bəhreyn və İsrail arasında barışıq və əlaqələrin qurulması mümkünləşdi. Misir və İordaniyadan sonra daha iki ərəb dövləti, sonrakı dövrdə isə Mərakeş və Sudan da bu sazişə qoşulmaqla ümumilikdə 6 ərəb ölkəsi sazişə qoşulmuş oldu. Ancaq 2023-cü il oktyabrında HƏMAS-ın israilə hücumu prosesi pozdu. Trampın hakimiyyəti dövründə bu prosesin yenidən aktivləşəcəyi ehtimalı yüksək idi. Çünki Trampın komandası İsrail məsələsində həddən artıq həssas və dəstəkçi mövqedədir. İndi görünən odur ki, proqnozlar özünü doğruldur. Effekt olacaqmı, demək çətindir. Gözlənilirdi ki, “İbrahim sazişi”nə Səudiyyə Ərəbistanı da, Qətər də qoşulacaq. Amma onlar hələlik qərar verməyiblər. Bununla yanaşı, bu məsələ ilə bağlı diplomatik danışıqlar gedir. Nə Bəhreyn, nə BƏƏ, nə Mərakeş, nə də Sudan bu sazişdən çıxdılar. Suriyanın yeni rəhbərliyi də bəyan edib ki, İsraillə münasibətləri normallaşdırmaq istəyindədir və “İbrahim razılaşması”na qoşulmağa hazırdır. Gözlənilir ki, Suriya ilə yanaşı, Livan da bu addımı atacaq. Hesab edirəm ki, indi əsas iş diplomatların üzərinə düşür və istisna deyil ki, yaxın zamanda bu siyasətin real nəticələri olacaq.
- İsrail-İran müharibəsi demək olar ki, bitib və indi hər iki tərəf özünü qalib sayır. Məlumdur ki, savaşa səbəb kimi İranın nüvə proqramı göstərilirdi. Tehran yenə də nüvə proqramını davam etdirəcəyini bəyan edib. Bundan sonrakı prosesləri necə proqnozlaşdırmaq olar?
- Bu bəyanatla İranın Ali Rəhbəri, 10 gündən çox idi ki, ictimaiyyət arasında görünməyən Ali Rəhbər Xameneyi tərəfindən səsləndirilib. Hər halda, məncə, bu, daxili auditoriyaya hesablanmış mesajdır. İran rəhbərliyi istəyir ki, cəmiyyət narahat olmasın, Tehranın dediyindən dönmədiyini qəbul etsin. İranın nüvə proqramının nə qədər zərər çəkdiyini, doğrudan da, bunu qısa zamanda bərpa etməyin mümkün olub-olmadığını bilmək çətindir. Araşdırmalar aparılacaq və yaxın zamanlarda kəşfiyyat məlumatları əsasında məsələ aydınlaşacaq. Amma o da məlumdur ki, İsrail harasa getməyib, hərbi qüvvələri də yerindədir. Eyni zamanda, ABŞ-ın da qüvvələri yaxındadır. Ən əsası, Tramp açıqca bildirdi ki, İran uranın zənginləşdirilməsi proqramını davam etdirsə, zərbələr təkrar ediləcək. Başqa bir məsələ isə İranın sanksiyalar altında olmasıdır. Tələb budur ki, zənginləşdirilmiş uran təhvil verilməsə, İrana qarşı sanksiyalar aradan qalxmayacaq. Yəni bundan sonrakı proseslər İranın davranışından asılı olacaq.
- ABŞ İranın nüvə proqramının sıradan çıxdığını iddia edir, İran isə proqramın zərər görmədiyini bəyan edir. Belə ziddiyyətli açıqlamalar nə ilə bağlıdır?
- Məncə bütün tərəflər təbliğatla məşğuldurlar və məlumatlar da təbliğat xarakterlidir. Hesab edirəm ki, İsrail dəqiq məlumat əldə etməkdə olduqca maraqlıdır. Təl-Əviv üçün İranın nüvə proqramı həyati əhəmiyyətli məsələdir. Bu baxımdan, düşünürəm ki, yaxın vaxtlarda Tehranın nüvə proqramı ilə bağlı dəqiq məlumatlar yayılacaq.
Onu da nəzərə almaq lazımdır ki, 12 gün çəkən müharibə zamanı İranın nüvə proqramına xeyli zərər dəydi. Eyni zamanda, İranın havadan müdafiə sistemləri, Hərbi Hava Qüvvələri darmadağın olub, yüksək rütbəli generallar, nüvə alimləri öldürülüb. İranın itkiləri böyükdür və bunların bərpasına vəzait tələb olunur. İran sanksiyalar altında qaldığı müddətdə nüvə proqramını bərpa etmək çətin olacaq. İranda onsuz da ağır sosial-iqtisadi vəziyyət hökm sürür. İran dövləti yenidən hərbi hava sistemini qurmaq üçün məcbur olub büdcə vəsaitlərindən istifadə edəcək. Bu isə insanların maddi vəziyyətini daha da ağırlaşdıracaq. İranlılar bununla razılaşacaqmı? İndi rejimin dəstəkçisi olan insanları meydana çıxarıb olmayan qələbəni bayram etməklə insanları aldatmaq mümkün deyil.