Fərarilik edən erməni hərbçilərin sayını necə artıra bilərik?

Siyasət

12.08.2019 - 23:30

“Övladlarınızın ölməsini və işgəncə görməsini istəmirsinizsə, Dağlıq Qarabağa göndərməyin!”

 

Xəbər verdiyimiz kimi, Ermənistan hərbçisi Dağlıq Qarabağda ona qarşı edilən işgəncələrə dözməyərək ağ bayraq qaldırıb və təmas xəttinin Azərbaycan ordusunun nəzarətindəki hissəsinə keçərək təslim olub.

 

AYNA xəbər verir ki, Atlas Araşdırma Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu bildirib ki, belə hallar keçmiş illərdə də bir neçə dəfə olub. Ancaq bu hadisənin hazırki təsiri başqadır: "Birincisi, bu fərarilik erməni ordusunda vəziyyətin əvvəlki kimi dözülməz həddə olduğunu göstərir. Erməni hərbçi işgəncəyə dözməkdənsə, silahını uzatdığı düşmənə təslim olmağa üstünlük verir. Zorla xidmət edənlərin sayı çoxdur". 

"İkincisi, səhv etmirəmsə, bu hadisə Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəldiyi gündən bu yana rəsmən qeydə alınan ilk fərarilik hadisəsidir. Erməni saytlarının tamamı işgəncə ilə əlaqəli hərbçilərinin fərarilik etdiyini təsdiq ediblər. Son hadisə Nikol Paşinyanın orduda keyfiyyət dəyişikliyinə səbəb ola bilməməsinin göstəricisidir və bunu özü də anlayır. Anlamasaydı, Xankəndinə gəlmədən öncə “iflasa uğramışıq” ifadəsini işlətməzdi. Üçüncüsü, son hadisə İrəvanda fəal olan “əsgər anaları” komitisənə yeni mövzu verir. Bu komitəyə yeni mövzu da vermək olar: “Övladlarınızın ölməsini və işgəncə görməsini istəmirsinizsə, Dağlıq Qarabağa göndərməyin!”", - deyə politoloq əlavə edib.

 

E.Şahinoğlunun fikrincə, Ermənistan öz hərbçisni geri qayıtmasını istəyə bilməyəcək: "Çünki hərbçisi əsir götürülməyib, özü könüllü olaraq bizim tərəfə keçib. O, bunu işgəncələrdən qorunmaq üçün və Dağlıq Qarabağda xidmət keçməmək üçün edib. Bu, həm Paşinyanın, həm də Ermənistan ordusunun nüfuzuna yaxşı zərbədir".

 

Siyasi analitik düşünür ki, ağıllı siyasət yürütsək, erməni ordusunu tərk edib biz tərəfə şütüyənlərin sayını artıra da bilərik: "İkinci Dünya müharibəsində qarşı tərəflər həm bir-birinə qarşı səsgücləndiricilərin imkanlarından istifadə edərək təslim olmağa və ölməməyə çağırır, həm də qarşı tərəfə onların dilində yazılı mətnlər yayırdılar. Erməni hərbçinin ağ bayraqla biz tərəfə keçidi və gördüyü işgəncələrin görüntüləri informasiya müharibəsində işimizə yaradı. Növbəti mərhələdə həmin hərbçinin işgəncə etiraflarını və Azərbaycan tərəfdə özünü daha güvənilir hiss etdiyini internetdən yayınlamaq lazımdır". 

Müəllif: Ayna.az