Prezident iki səfirin etimadnaməsini qəbul edib

Xəbərlər

27.06.2025 - 13:42

cedabet dərman SEO Xidməti

İlham Əliyev Polşanın və Sudanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 27-də Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pavel Radomskinin etimadnaməsini qəbul edib. AYNA.AZ xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı Azərbaycanla Polşa arasında bir çox istiqamətdə əməkdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu vurğuladı, siyasi və iqtisadi sahədə əlaqələrimizin inkişafından məmnunluğunu bildirib.

Prezident İlham Əliyev Polşanın Avropa İttifaqının üzvü olduğunu deyərək, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı istiqamətində də ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin önəminə toxunub. Dövlətimizin başçısı son dövrlərdə Azərbaycan ilə Avropa İttifaqı arasında yüksəksəviyyəli təmasların ikitərəfli münasibətlərdə yeni səhifənin açılmasına şərait yaratdığını qeyd edib.

Səfir Polşa Respublikasının Prezidenti Andjey Dudanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Andjey Dudaya çatdırmağı xahiş edib.

Pavel Radomski Bakının inkişafının şahidi olduğunu deyərək, işğaldan azad edilmiş torpaqlarımıza səfər etdiyini bildirdi və orada aparılan genişmiqyaslı quruculuq işlərinin, həmçinin həmin ərazilərin təbiətinin onda dərin təəssürat hissi yaratdığını vurğulayıb.

Söhbət zamanı münasibətlərimizin genişləndirilməsində iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın və parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətinin əhəmiyyəti qeyd edilib.

Görüşdə iqtisadi-ticari, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Prezident həmçinin Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafanın etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlətimizin başçısı Azərbaycanla Sudanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, Birləşmiş Millətlər Təşkilatında (BMT), İslam Əməkdaşlıq Təşkilatında (İƏT), Qoşulmama Hərəkatında və digər beynəlxalq təşkilatlarda ölkələrimizin uğurlu əməkdaşlığını vurğulayıb.

Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədri ilə Qoşulmama Hərəkatının Bakıda keçirilmiş Zirvə toplantısı və Antalya Diplomatiya Forumu çərçivəsində görüşlərini, ikitərəfli əlaqələrin inkişafına dair müzakirələri məmnunluqla xatırlayıb.

Səfir Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana çatdırmağı xahiş edib.

Səfir Azərbaycanın Sudanın ərazi bütövlüyünə, suverenliyinə və siyasi birliyinə göstərdiyi dəstəyinə görə minnətdarlığını bildirib. O, iki ölkənin dövlət başçılarının tapşırıqlarına uyğun olaraq ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün Sudan tərəfindən işçi qrupunun yaradıldığını vurğulayıb.

Ənəs Eltayeb Elqaylani Mustafa sudanlı tələbələrə ölkəmiz tərəfindən təhsil təqaüdünün ayrılmasına görə minnətdarlığını bildirərək, bu təqaüdlərin artırılmasını xahiş edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş