“Mən bu ölkə üçün təhlükə deyiləm, əsas təhlükə hökumətdədir”
Ermənistanın Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapaxyan Eçmiədzinin Ana Taxt-Tacının həyətində baş verənləri şərh edib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, arxiyepiskop bunu qanunsuzluq adlandırıb.
“İndi baş verənlər tamamilə qanunsuzluqdur. Mən heç vaxt gizlənməmişəm və indi də gizlənmək fikrində deyiləm. Qardaşlarımın arxasında gizləndiyim təəssüratı yaratmaq istəmirəm. Onlar mənim üçün gəliblər - mən də onlarla gedəcəm. Bu dəlinin vəsiyyətini yerinə yetirənlər güc təhdidləri ilə gəliblər. Mən onlarla gedəcəm, ruhanilər də mənim arxamca gələcəklər”, - arxiyepiskop bildirib.
Ajapaxyan bildirib ki, o təhlükə deyil: “Mən bu ölkə üçün təhlükə deyiləm, əsas təhlükə hökumətdədir”.
Qeyd edək ki, bu gün Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları Eçmiədzin kilsəsinin həyətinə daxil olublar. Hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyəgəliblər, lakin Eçmiədzin Ana Taxt-Tacının binasına daxil olmayıblar.
Onlar bu gün din xadimlərinin toplantısında iştirak edən arxiyepiskop Mikael Ajapaxyanla maraqlanıblar.
Xatırladaq ki, səhər tezdən polis Şirak yeparxiyasının rəhbərinin iqamətgahına baş çəkib, lakin həmin vaxt Mikael Ajapaxyan orada olmayıb. Vətəndaşlar binanı mühafizə etmək üçün iqamətgahda toplaşıblar. Polis onlardan bir neçəsini saxlayıb.
Qeyd edək ki, dünən arxiyepiskop Mikael Ajapaxyana qarşı Ermənistan Respublikası Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi (hakimiyyəti ələ keçirməyə, ərazi bütövlüyünü pozmağa, suverenlikdən imtinaya və ya konstitusiya qaydalarını zorakılıqla devirməyə açıq çağırışlar, konstitusiya qaydalarını zorla devirmə, konstitusiyaya qarşı cəza nəzərdə tutulur) cinayət işi açılıb.