Kövrək sülh ümidlərini artıran sərhəd dirəkləri: ermənilər dərk etdilər ki...

Siyasət

24.04.2024 - 14:04

Fuad Çıraqov: “Proseslər rəvan getsə, sülhə əngəl yaradan qüvvələr təxribatlar törətməsələr, payızadək sülh sazişinin imzalanması mümkündür”

Ötən gün Azərbaycanla Ermənistan arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. Bildirilib ki, iki ölkənin ekspert qruplarının işi davam edir.

“Aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, iki ölkənin ekspert qrupları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb”, - deyə rəsmi məlumatda vurğulanıb.

Sərhədlərin dəqiqləşməsi prosesində Qazaxın işğalda olan 7 kəndindən 4 eksklav olmayan kənd Azərbaycana qaytarılır. Belə ki, aprelin 17-də komissiyaların 8-ci iclasından sonra Bakı ilə İrəvan arasında bu barədə razılıq əldə edilib. Eksklav olan Qazaxın 3, Naxçıvanın isə Kərki kəndi ilə bağlı məsələ tərəflər arasında müzakirə olunacaq.

Kəndlərlə bağlı məsələyə münasibətində Prezident İlham Əliyev bildirib ki, rəsmi Bakı İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırıb: “Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq. Eksklavlar məsələsi başqadır, çünki o daha mürəkkəbdir. Həmin ekskavlar digər ölkənin əhatəsində olan ərazidə yerləşir. Ona görə onlar delimitasiya prosesində həll olunmalıdır”.

Delimitasiya və demarkasiya prosesinin praktik olaraq başlanması sülh sazişinə ümidləri artırıb. Prezident İlham Əliyev də sülhlə bağlı nikbin danışıb: “Biz məsələnin həllinə, sülh sazişinin imzalanmasına heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik. Həmin vaxt hətta “Madrid prinsipləri” üzrə razılığa gəlinmədiyini xatırladan dövlətimizin başçısı bildirib ki, o zaman sülh sazişinin layihəsi belə yox idi. İndi isə o, artıq mövcuddur. İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır”.

Baş verən proseslərlə bağlı AYNA-nın suallarını cavablandıran Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov deyib ki, hazırda Bakı və İrəvanın sülhə yaxınlaşdığını demək mümkündür:

- Kövrək ümidlər deyəsən özünü doğruldur. Qazaxın işğalda olan 4 kəndinin qaytarılması barədə razılaşma ötən il dekabrın 7-dəki ikitərəfli razılaşmadan sonra ikinci haldır. Hesab edirəm ki, bu, ikitərəfli münasibətlərdə çox mühüm addımdır. Kəndlərin qaytarılması barədə razılaşma tərəflərin birbaşa danışıqlarının nəticəsidir. Burada nə Qərb, nə Rusiya iştirak etdi. Əslində rəsmi Bakının istədiyi danışıqlar forması da məhz budur. Biz görürük ki, bu forma özünü doğruldur, ikitərəfli danışıqlar müsbət nəticələr verir. Sanki qarşımızda xəstə cəmiyyət var idi, Azərbaycan artıq reanimasiyada olan bir cəmiyyəti siyasəti ilə oyatdı və artıq bu xəstə cəmiyyətdə həyat simptomları görünür. Bakının son dörd ildə keçirdiyi şok terapiya nəticələrini verməkdədir.

Bütün bunların fonunda Paşinyanın Ermənistan daxilində verdiyi son açıqlamalar da çox vacib və tarixidir. Baş nazir son bəyanatında bildirdi ki, sınma nöqtəsi 2022-ci ilin sentyabr döyüşləri, şərti sərhəddə baş verən hadisələr olub. Bundan sonra Ermənistan rəhbərliyi “tarixi Ermənistan”la “real Ermənistan” arasındakı fərqi başa düşüb. Hətta 44 günlük müharibə də Paşinyan hakimiyyəti üçün dərs olmayıbmış. Sentyabr döyüşlərindən sonra isə anlayıblar ki, real Ermənistanda yaşamaq lazımdır. Erməni cəmiyyəti isə 2023-cü ilin sentyabrında, Azərbaycan Qarabağda keçirdiyi antiterror əməliyyatı ilə suverenliyini tam bərpa etdikdən sonra reallığı dərk etdi.

- Sizcə, həqiqətən də reallığı dərk etdilərmi?

- Məncə, dərk edirlər. Azərbaycan tərəfi illər boyu çatdırmağa çalışıb ki, ermənilərin arzu və istəklərinizlə real imkanlarınız üst-üstə düşmür. Biz milyon dəfə bildirmişik ki, miflərdən, “Qədim Ermənistan”, “Tarixi Ermənistan”, “Böyük Ermənistan” xəyallarından ən çəkmək lazımdır. Amma onlar bunu dərk etmədilər. Radikal millətçilik erməniləri sonda uçuruma apardı. Dövlət və dövlətçilik anlayışı rasionalizmi, imkanların düzgün qiymətləndirilməsini, avantüralara getməməyi tələb edir. Ermənistan bu çağırışları eşitmirdi. Paşinyan isə indi biz dediklərimizi cəmiyyətlərinə çatdırır, reallığı “yedizdirir”. Paşinyandan əvvəl bunu Ermənistanın sabiq Prezidenti Levon Ter-Petrosyan demişdi, amma erməni cəmiyyəti bunu o vaxt həzm etmədi, anlamadı və nəticədə özlərinin də, bütün Cənubi Qafqazın da bəlası başladı. Amma indi  biz görürük ki, ermənilər reallığı həzm etməyə başlayıb. Təbii ki, bu, özbaşına olmayıb, Azərbaycanın sülhə məcbur etməsi siyasətinin nəticəsidir.

Eyni zamanda, Paşinyanın “Tarixi Ermənistan” və “Real Ermənistan” tezisini gündəmə gətirməsi də erməni cəmiyyətinin ayılmasında rol oynadı. O başqa məsələdir ki, bu diskursla nə kilsə, nə də lobbi razıdır. Amma bu diskursun açılması çox vacib idi. Bununla erməni cəmiyyətində totalitar-avtoritar yanaşmanı sındırdı. Əvvəl narrativlər vardı, kənar fikirlər o dəqiqə kənara atılırdı. Totalitar-avtoritar yanaşma kənar fikirlərin ortaya çıxmasına imkan vermirdi, radikal millətçilik lobbinin əlində gəlir mənbəyinə çevrilmişdi. İndi isə bu streotiplər sınıb.

- Prezident İlham Əliyev bildirdi ki, Bakı ilə İrəvan sülhə heç vaxt bu qədər yaxın olmamışdı. Bəs sazişin imzalanması üçün nə çatmır?

- Siyasətdə belə bir ifadə var – “razılaşırıq ki, razılaşmırıq”. Elə məsələlər ola bilər ki, biz onu perspektivə saxlaya, müzakirə edə və nə vaxtsa həll edə bilərik. Amma etimad yaranandan sonra tərəflər anlayırlar və inanmağa başlayırlar ki, qalan hansısa məsələ tərəflərdən biri tərəfindən artıq münaqişə predmeti kimi istifadə edilməyəcək. Etimadın yaranması artıq tərəfləri müəyyən məsələlərə göz yummağa sövq edir. Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılandan, sərhəd dirəkləri basdırılandan sonra artıq müəyyən etimad yaranıb. Bu etimadı daha da möhkəmləndirmək üçün addımlar atılmalıdır. Digər məsələlər var ki, onlar zamanla həllini tapacaq. Məsələn, eksklavlar məsələsini həll etmək üçün danışıqlar aparmaq, gələcəkdə razılaşdırmaq mümkündür. Etimad yaranandan sonra bunu danışmaq çətin deyil. Baxın, Azərbaycanın Gürcüstanla münasibətləri dostluq münasibətləridir. Bu ölkə ilə sərhədlərin delimitasiya və demarkasiyası son 30 ildə təxminən 70 faiz həyata keçirilib. Bu prosesin 30 faizə qədəri qalır. İndi istəsək, problem çıxa bilər. Amma tərəflər arasında qarşılıqlı etimad, münasibətlərin yaxşı olması münaqişə yaranmasına əngəl yaradır. Belə deyək, tərəflər bu məsələyə görə münaqişədə maraqlı deyillər. Demək istədiyim odur ki, elə məsələlər var ki, onlara sülh sazişindən sonra da baxıla bilər, danışıqlar aparılar.

Sülh sazişinə gəlincə, buna mane olan qüvvələr var. Söhbət Fransadan gedir. Məsələn, Fransa Prezidenti Emmanuel Makron öz dili ilə deyir ki, Paşinyandan daha çox Azərbaycana qarşı sərt mövqedə dayanır. Rəsmi Paris lobbi vasitəsilə, daşnaklar vasitəsilə sülhə əngəl yaratmaq istəyir. Eyni zamanda, Rusiyada da müəyyən dairələr sülhə əngəl yaratmaq istəyindədir. Paşinyanı devirmək, ona sui-qəsd etməklə bu prosesi pozmaq niyyətləri açıq şəkildə ortadadır. Hansısa terror qruplaşması tərəfindən bunu həyata keçirə bilərlər. Terror ermənilərin siyasi mədəniyyətlərinin tərkib hissəsidir. Bunların ideoloqları da bəllidir, sosial şəbəkələrdə çağırış edirlər, revanşdan danışırlar, Paşinyanı kürsüsündən salmaq niyyətlərini gizlətmirlər və s. Bununla proseslərin sülhlə yekunlaşmasına əngəl yaratmaq istəyirlər.

- Niyyətlərinə çata biləcəklərmi?

- Ümid verən məqam odur ki, Paşinyan sülhün vacibliyi bəyanatını səsləndirəndə ona qarşı kütləvi etirazı görmürük. Qarabağdan ermənilərin könüllü şəkildə köçündən sonra lobbinin, sülhə qarşı olan qüvvələrin təsirində olan radikallar bir-iki dəfə İrəvanda aksiya keçirdilər, amma bu etirazlara çox az adam qoşuldu. Radikal millətçilər, erməni müxalifəti sonradan belə aksiyalar keçirmədilər. Anladılar ki, meydana kifayət qədər adam yığılmır, əksinə, daha da biabır olurlar. Yaxud da, Qazaxın kəndlərinin qaytarılmasına etirazlar sadəcə kənd ətrafındadır, bütün Ermənistan müstəvisinə çıxmır. O etiraz edən, yolu bağlayanların çoxu da heç həmin kəndlərin sakinləri deyillər, çoxu kənardan gətirilən qüvvələrdir. Etirazların kəskin olmaması ümid verir ki, Paşinyana qarşı olan qüvvələr niyyətlərinə çata bilməyəcəklər. Proseslər rəvan getsə, sülhə əngəl yaradan qüvvələr təxribatlar törətməsələr, payızadək sülh sazişinin imzalanması mümkündür.

Müəllif: Anar Bayramoğlu