“İrəvan kimi Tiflisə də tarixi adını deməliyik”
Deputat Əziz Ələkbərli İrəvan və Tiflis toponimlərinin tarixi adlarla işlədilməsinə çağırış edib, bu məsələdə hüquqi əsasların mövcud olduğunu bildirib. AYNA.AZ Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli deyib.
Deputat bildirib ki, bəzi tarixi toponimlərin saxtalaşdırılmış formada işlədilməsi ilə bağlı hüquqi əsas yoxdur və bu məsələyə yenidən baxılmalıdır: “Belə toponimlərdən biri İrəvan, digəri isə Tiflis şəhər adlarıdır. Bütün elmi ədəbiyyatlarda ümumi şəkildə deyilir ki, 1936-cı ildə İrəvan şəhərinin adı dəyişdirilib Yerevan qoyulub. Mən Azərbaycan tarixşünaslığında bu məsələyə dəqiqlik gətirmək istəyirəm”.
Əziz Ələkbərli qeyd edib ki, 1936-cı il avqustun 17-də SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi “Yaşayış məntəqələrinin adlarının düzgün yazılışı haqqında” qərarda müxtəlif respublikalar üzrə 20 yaşayış məntəqəsinin adlarının yazılışına düzəliş edilib.
Deputatın sözlərinə görə, həmin qərarda yalnız üç toponimin həm tarixi, həm də yeni variantda işlədilməsinə icazə verilib:
“Onlardan biri Ermənistanda İrəvan və ya Yerevan, ikincisi Türkmənistanda Neftedağ və ya Nebitdağ, üçüncüsü isə Gürcüstanda Tiflis və ya Tbilisi toponimləridir”.
O vurğulayıb ki, Azərbaycanda artıq İrəvan toponiminin tarixi variantı geniş şəkildə istifadə olunur və eyni yanaşma digər adlara da tətbiq edilə bilər: “Biz indi İrəvanın tarixi adını bərpa etmişik, uğurla da işlədirik. Bu, təkcə bizim tarixi haqqımız deyil, həm də həmin qərarda təsbit olunub”.
Deputat media nümayəndələrinə müraciət edərək tarixi toponimlərin istifadəsinə daha çox diqqət yetirməyə çağırıb: “Mən həmin sənədi bu gün media nümayəndələrinə paylayacağam və onlardan tarixi toponimlərimizin qərarda təsbit olunan variantda yazılışına əməl etməyi xahiş edirəm. Gəlin bütün müstəvilərdə dilimizin saflığını qoruyaq”.