Turizm şirkəti azərbaycanlı ailənin on min dollarını mənimsədi

Hadisə

26.07.2019 - 00:58

Ailəni saxta bildirişlərlə aldadıblar

 

Turizm şirkəti azərbaycanlı ailəyə çox böyük zərər vurub. “Safir Travel” 10 nəfərlik ailənin 10 min dollarını mənimsəyib. AYNA bizimyol.info-a istinadən xəbər verir ki, dələduzluq hadisəsi sosial şəbəkələrdə çox müzakirə olunur. Aysu adlı ispan dili müəlliməsi mayda 10 nəfərlik ailənin Türkiyədə istirahət üçün “Safir Travel”ə 10 min dollar ödədiyini bildirir. Amma onların bütün təyyarə biletləri, otel rezervləri ləğv edilib. Şirkət zərərçəkənlərin telefon nömrələrini blok edib, zənglərə, müraciətlərə cavab verilmir.

 

Aysunun dediyinə görə, ailənin ən böyük səhvi məbləği “Safir Travel”in Nəzrin adlı əməkdaşının hesabına köçürmələri olub. Bilet, otel nömrələri üçün ödəmələr həyata keçirilməyib. Ailəni saxta bildirişlərlə aldadıblar.

 

“Safir Travel” əvvəlcə məsuliyyəti üzərindən atmağa çalışıb. Sonra ailənin müraciətlərini qulaqardına vurub. Məsələ sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olanda isə Nəzrin adlı əməkdaşlarının olmadığını bəyan edib.

 

“Safir Travel”in Azərbaycanda ofisi yoxdur. Azərbaycanlıların rəhbərlik etdiyi şirkətin Türkiyənin Malatya şəhərində yerləşdiyi bildirilir.

 

Sosial şəbəkələrdə ailəyə məsələni hüquqi müstəviyə çıxarmaq məsləhət görülür. Zərərçəkənlər həm hüquq-mühafizə orqanlarına, həm də Dövlət Turizm Agentliyinə müraciət edəcəklərini bildirir.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə