İnək oğruları ələ keçib

Hadisə

21.11.2019 - 14:09

Həkimlər Klinikalar SEO Xidməti

Şəmkirdə fermadan 8 baş inək oğurlanıb

 

Şəmkirdə fermadan inəklər oğurlanıb. Bu barədə AYNA-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Məlumata görə, noyabrın 19-da saat 3 radələrində Şəmkir rayonunun Bayramlı kəndi ərazisindəki fermaların birindən 8 baş inəyin oğurlanması barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub. Dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

 

Fermanın gözətçisi izahatında şəxsiyyəti məlum olmayan 4 nəfərin ona hədə-qorxu gələrək inəkləri aparmasını bildirib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

 

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri ilə oğurluğun Gəncə şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş R.Vəliyev tərəfindən bir qrup şəxslə birgə törədilməsi müəyyən edilib. Araşdırmalarla o da müəyyən edilib ki, onlar oğurlanan iməkləri Tovuz rayon sakini F.İbrahimova satıb, sonuncu isə heyvanları həmyerlisinə məxsus “QAZel” markalı avtomobilə yükləyib aparıb.

 

İnəklər tapılaraq sahibinə qaytarılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Vəliyev və qrupun digər üzvləri - Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - O.Sinisin və R.Moskalyov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az