Gürcüstan DİN əhaliyə “Keşikçidağ” çağırışı edir

Hadisə

15.07.2019 - 14:32

“Baş verən insident qısa müddət ərzində aradan qaldırılıb və hazırda vəziyyət stabildir”

 

Gürcüstanın Daxili İşlər Nazirliyi ictimaiyyəti və vətəndaş qruplarını Gürcüstan ilə Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın sakit şəraitdə işini davam etdirməsinə imkan verməyə çağırıb. AYNA xəbər verir ki, bu barədə qonşu ölkənin Daxili İşlər Nazirliyi bəyanat yayıb.

 

“Gürcüstan-Azərbaycan sərhədində, “Keşikçidağ” sahəsində yerli sakinlər ilə azərbaycanlı sərhədçilər arasında kiçik insident baş verib. Lakin insident qısa müddət ərzində aradan qaldırılıb və hazırda vəziyyət stabildir”, - deyə bəyanatda bildirilib.

 

Xatırladaq ki, Azərbaycan və Gürcüstan arasında sərhəd hələ SSRİ dövründə müəyyən olunub. Hər iki ölkənin müstəqilliyi əldə olunduqdan sonra Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq Dövlət komissiyaları yaradılıb və indiyədək komissiyaların 11 iclası keçirilib. Bu proses çərçivəsində 480 km-lik Azərbaycan – Gürcüstan dövlət sərhədinin əksər hissəsinin delimitasiyasına dair komissiyalar səviyyəsində razılıq əldə edilib. Hazırda 166 km-lik hissələr üzrə ekspertlər səviyyəsində iş davam etdirilir.

Müəllif: Ayna.az