Toyda iştirak edən 21 nəfər müraciət edib
Şəkidə toyda kütləvi zəhərlənmə baş verib. Bu barədə AYNA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hadisə Çeşməli kəndində qeydə alınıb. Eyni toyda iştirak edən 21 nəfər, toy mərasimindən sonra Şəki Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.
Müraciət edənləri müayinə edən həkimlər onlarda disbakterioz (bağırsaqda “yaxşı” mikroorqanizmlərin sayının kəskin şəkildə azalması və “pis” mikroorqanizmlərin sayının isə xeyli dərəcədə artması) aşkarlayıblar. Xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.