“Avropa İttifaqı ilə saziş imzalayaq, amma daxili işimizə qarışmasınlar” - <font color=red> BU, MÜMKÜN DEYİL</font>

Siyasət

15.08.2019 - 15:40

“Bu, daxili istehsalı qorumaqdan çox, Azərbaycandakı monopolistlərin maraqlarını qorumağa yönəlib”

 

Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqlar prosesi bu il üçün təxirə salınıb. Bu haqda yayılan xəbərlərə görə, tərəflər sazişin imzalanması üçün hələ də ortaq məxrəcə gələ bilməyib. O da istisna olunmur ki, ümumiyyətlə sazişin imzalanması məsələsi arxivə göndərilə bilər.

 

Sözügedən prosesi AYNA-ya şərh edən politoloq Rauf Mirqədirov Gürcüstan, Moldova və Ukraynanın həmin sazişi imzaladığını xatırladıb: “Azərbaycan strateji tərəfdaşlıq haqqında ayrıca saziş imzalanmasını təklfi etdi. Bu təklif də Avropa İttifaqı tərəfindən qəbul olunmadı. Avropa İttifaqı Kanada, Yaponiya, Çin kimi dövlətlərlə ayrıca tərəfdaşlıq sazişi imzalaya bilər”.

Картинки по запросу rauf mirqədirov

Politoloqun fikrincə, sözügedən sazişin imzalanmasının təxirə salınmasının bir neçə səbəbi var: “Birinci səbəb ondan ibarətdir ki, Rusiya Azərbaycan kimi dövlətlərin Avropa ittifaqına yaxınlaşma cəhdlərinə çox qısqanclıqla yanaşır. Bu yaxınlaşma müstəqil dövlətlər üçün müəyyən problemlər yaradır. Ukraynadakı, Gürcüstandakı problemlər buna misaldır. Rusiya həmin ölkələrdə daxili siyasi sabitliyi pozur, separatçı hərəkatları qızışdırır və s. Təsadüfi deyil ki, son dövrlərdə Paşinyanın müəyyən bəyənatları oldu, o cümlədən Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu bildirdi”.

 

Müsahibimizin sözlərinə görə, ikinci səbəb iqtisadi problemlərlə bağlıdır: “Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi problemlər mövcuddur. Yeni saziş Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi-ticari məsələləri tənzimləyəcəkdi. Avropa İttifaqı ilə ticari əlaqələr Ümumdünya Ticarət Təşkilatının müəyyənləşdirdiyi qaydalar çərçivəsində həyata keçirilməlidir. Azərbaycan isə rəsmi olaraq bəyan edir ki, bu qanun Azərbaycan üçün sərfəli deyil”.

 

Politoloq qeyd edib ki, Azərbaycan inkişaf etməkdə olan dövlət kimi özü üçün güzəştlər tələb edir: “Bu, əsasən kənd təsərrüfatı, emal sənayesi və s. ilə bağlıdır. Səbəb kimi də daxili bazarı qorumaq istəyi göstərilir. Düşünürəm ki, bu, bir bəhanədir, daxili istehsalı qorumaqdan çox, Azərbaycandakı monopolistlərin maraqlarını qorumağa yönəlib”.

 

“Post-sovet məkanındakı bir çox dövlətlər - Qazaxıstan, Gürcüstan, Ermənistan və s. ölkələrdə ticari əlaqələr Ümumdünya Ticarət Təşkilatının hüquqları çərçivəsində həyata keçirilir. Bu ölkələr öz daxili bazarlarını ucuz idxal məhsullarından qorumaqda maraqlı deyil. Eyni zamanda, özlərinin ixrac etdiyi məhsulları Avropa İttifaqına daxil olan dövlətlərdə Ümumdünya Ticarət Təşkilatının müəyyən etdiyi rüsumlara uyğun təklif edirlər”, - deyə o bildirib.

 

R.Mirqədirov vurğulayıb ki, Azərbaycanın bu qaydaları qəbul etməsinə inhisarçılıq imkan vermir: “Mağazaya girərkən meyvə şirələrinin qiymətlərinə baxsaq, xaricdən idxal olunmuş şirələrin yerli məhsuldan 2-3 dəfə baha qiymətə satıldığını görürük. Orta səviyyəli istehlakçı da, istər-istəməz, yerli məhsulu alır, çünki onun qiyməti 2-3 dəfə ucuzdur. Bunu təkcə meyvə şirələrində yox, digər məhsullarda da görmək olar. Yəni Azərbaycan monopolistləri öz mallarını əhaliyə sırımaq üçün gömrük alətindən istifadə edirlər. Nəticədə böyük gəlirlər götürürlər”.

 

Həmsöhbətimizin bildirdiyinə görə, sazişin imzalanmamasının üçüncü səbəbi Azərbaycanın insan haqları ilə bağlı üzərinə öhdəlik götürmək istəməməsi ilə bağlıdır: “Bu məsələdə Azərbaycan hakimiyyyəti çalışır ki, öz üzərinə daha az öhdəlik götürsün. Bu, sözsüz ki, Avropa İttifaqı ilə Azərbaycan arasında müəyyən problemlər yaradır. Azərbaycan, təxminən, belə siyasət yürütməyə çalışır ki, “biz Avropa İttifaqı ilə saziş imzalayaq, ancaq Avropa İttifaqı bizim daxili işimizə qarışmasın”. Bu da mümkün deyil".

Müəllif: Rumiyyə Miraslan