Onminlərlə ailənin hüquqi mübarizəsi davam edir: “Ya kompensasiya verin, ya da...”
SSRİ-nin dağılması ilə Azərbaycan sosialist rejimindən çıxaraq müstəqilliyini əldə etdi. Bundan sonra ölkədəki nəhəng dövlət əmlakının - mülkiyyətinin onun həqiqi sahibi olan vətəndaşlara, yəni xalqa əvəzsiz qaydada verilməsi məsələsi gündəmə gəldi. 1990-cı illərin 1-ci yarısında dövlət əmlakının bir hissəsinin dövlət özəlləşdirmə payları kimi vətəndaşların mülkiyyətinə verilməsi qərara alındı, tarixi ədalətin təmin olunması üçün qanunlar qəbul edildi və bununla dövlət əmlakının dövlət özəlləşdirmə payları kimi xalqa verilməsi mexanizmi quruldu.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda özəlləşdirmə qanunvericiliyi digər postsovet ölkələrində baş vermiş hüquqi pozuntular nəzərə alınmaqla daha yüksək hüquqi təminatlarla qəbul edildi. Ümummilli Liderin uzaqgörənliyi nəticəsində Azərbaycan qanunvericiliyi daha dəqiq və hüquqi baxımdan daha güclü şəkildə formalaşdırıldı və özəlləşdirmə haqqında qanunun özündə özəlləşdirmə paylarının (çeklərinin) dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi olduğu birbaşa təsbit edildi.
Belə olan halda, qanunla vətəndaşlara verilmiş hüququn sonradan qanundan aşağı hüquqi qüvvəyə malik olan normativ aktlarla, xüsusilə icra hakimiyyəti orqanlarının fərmanları ilə faktiki olaraq ləğv edilməsi hüquqi dövlət prinsipinə ziddir. Sonradan həmin qanunvericiliyin icra olunmaması və icrasının aşağı hüquqi qüvvəli aktlarla məhdudlaşdırılması Konstitusiyanın aliliyi prinsipinin pozulmasıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən, Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir və qanunlar digər normativ aktlardan üstündür. İcra hakimiyyəti orqanlarının aktları qanunlara zidd ola bilməz. Dövlət Özəlləşdirmə Payları və Dövlət Özəlləşdirmə Çekləri (DÖP/DÖÇ) ilə bağlı hüquqi gözləntinin kompensasiya ödənilmədən aradan qaldırılması mülkiyyət hüququnun pozulması hesab olunur və Konstitusiyanın 29-cu maddəsinə ziddir. Nəticə olaraq, dövlət tərəfindən verilmiş mülkiyyət hüququnun qanundan aşağı hüquqi aktlarla faktiki olaraq aradan qaldırılması hüquqi dövlət prinsipinin, Konstitusiyanın aliliyinin və mülkiyyət hüququnun pozulmasıdır.
Qeyd edək ki, Ulu Öndərin xalqa vədinə və qanunun aliliyinə inanıb özəlləşdirmə çeklərini ümidlə saxlayan vətəndaşlar (686 iddaçı və 3500-dən çox 3-cü şəxs) 2024-2025-ci illərdə Bakı İnzibati Məhkəməsinə, sonradan Bakı Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə ərizə ilə müraciət edib. Lakin məhkəmələr qanunları və Konstitusiyanı pozaraq işi araşdırmaqdan imtina edib. Əllərində çekləri qalmış və ondan istifadə edə bilməyən vətəndaşlar isə özəlləşdirmə paylarından istifadə edə bilmək üçün hökumətin qəti qərar verməsini gözləyirlər. Onlar tarixi ədalətin bərpa olunmasını tələb edirlər.
Diqqət: hüquqşünas və vəkillər DÖP/Ç-lərini satmayıb ümidlə saxlayan bütün vətəndaşlara israrla tövsiyə edirlər ki, Cənab Prezidentə və Milli Məclisin Sədrinə müraciət məktubları ünvanlasınlar. Özəlləşdirmə Çekləri Qrupunun 070 304 05 21 nömrəli əlaqə vasitəsinə “Whatsapp” üzərindən ad-soyadını yazan şəxslərə hər iki müraciət forması göndəriləcək.
Mövzu ilə bağlı AYNA.AZ-a danışan hüquqşünas-ekspertlər hesab edirlər ki, əllərində qiymətli kağızları qalan vətəndaşların bundan səmərəli istifadə etməsinə hökumət tərəfindən şərait yaradılmalı, problem ədalətli şəkildə həllini tapmalıdır.
Sərvər Süleymanlı:

“Bu məsələ zaman-zaman mətbuatda müzakirə olunur, hüquqşünaslar, ekspertlər fikirlərini bildirirlər. Bəzən yanlış fikirlər də səsləndirilir. Məsələ burasındadır ki, çeklər vətəndaşlara dövlət əmlakının bir hissəsi kimi verilmişdi. Bu, əslində bir mülkiyyətdir. Vauçerlərin özündə də açıq şəkildə ifadə olunub ki, vətəndaşların əmlak payları qiymətli kağız formasında verildi.
İndi sual olunur: vətəndaşlara dövlət özəlləşdirmə payları ilə verilmiş mülkiyyət hüququnun aqibəti necə oldu?! Bu suala indi heç kim cavab verə bilmir. Halbuki bu, mülkiyyətdir və təminat altına alınmış hüquqdur. Nəticə etibarilə, hazırda bu hüquqlar təmin olunmamış vəziyyətdə qalır.
Düşünürəm ki, hökumət çeklərindən istifadə edə bilməyən vətəndaşlarımızın pozulmuş hüquqlarını hansısa formada təmin etməlidir. İllərdir bu insanların hüquqları pozulmuş vəziyyətdədir. Konkret qərar verilməli, addım atılmalıdır ki, ədalət bərpa olunsun”.
Fərhad Mehdiyev:

“Uzun illərdir ki, bir qrup vətəndaş mülkiyyət hüququnun pozulduğunu iddia edir və problemin həllini istəyir. Qanunun tələbi də odur ki, çeklərindən istifadə edə bilməyən vətəndaşların haqları təmin olunsun.
Bilirsiniz, hüquqi olaraq, çeklər bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki bu, mülkiyyət hüququdur. Mülkiyyət hüququ elə bir məsələdir ki, zamanla o öz qüvvəsini itirmir. Çünki vacib məqam odur ki, bu, kreditor hüquq deyil. Kreditor hüquqlarda müəyyən müddət qoyula bilər. Amma mülkiyyət hüquqlarında bunu tətbiq etmək mümkün deyil.
Dövlət əgər vauçerləri dövriyyədən çıxarırsa, ya onların əvəzinə kompensasiya ödəməli, ya da onların özəlləşdirmə prosesində iştirakını təmin etməlidir. Əllərində çekləri qalan və uzun illərdir hüquqlarının bərpasını tələb edən insanlar nə kompensasiya alıblar, nə də özəlləşdirmə perosesində iştirak ediblər.
Hesab edirəm ki, aidiyyəti qurumlar qətityyətli addım ataraq bu problemi yoluna qoymalıdır. Biz hüquqi dövlətdə yaşayırıqsa, vətəndaşın hüququnu dövlət təmin etməlidir”.
Asif Məmmədov:

“Normativ hüquqi aktlarla bağlı nəzəriyyəyə görə, verilmiş hüquq ləğv edildiyi zaman həmin hüququ tənzimləyən normativ hüquqi aktlarda bundan sonra hər hansı dəyişiklik edilməz. Çünki bu, artıq həmin hüququn qüvvədən düşməsi hesab olunur.
Məlumdur ki, “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında” Əsasnamə 14 may 1997-ci il tarixli Fərmanla təsdiq olunub. Həmin çeklər başqa bir Fərman ilə 2011-ci il yanvarın 1-dən etibarən tədavüldən çıxarılıb. 22 dekabr 2014-cü il tarixli Fərman ilə isə “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında” Əsasnaməyə dəyişiklik edilib.
Burada sual olunur: əgər çeklər hələ də qüvvədə deyilsə, o zaman nə üçün vauçerlər dövriyyədən çıxarılandan bir neçə il sonra Əsasnamədə dəyişiklik edilib? Hesab edirəm ki, qanunla özəlləşdirmə çekləri hələ də qüvvədədir. Düşünürəm ki, hökumət çeklərindən istifadə edə bilməyən, hüququnun bərpasını istəyən vətəndaşlarımızın səsini eşidəcək, özəəlləşdirmə payları ilə bağlı hüququn tələb etdiyi qərarı verəcək”.
QEYD
Ötən əsrin sonunda - Özəlləşdirmə Payları (çekləri) 29 sentyabr 1995-ci il 1120 nömrəli Qanunla qəbul olunmuş Dövlət Proqramı ilə verilmişdir və Qanunun icrasını təmin etmək ücün AR Prezidentinin 25 mart 1996-cı il tarixli 450 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə"yə uyğun olaraq (verilmişdir) paylanmışdır. Qanunla vətəndaşlara mülkiyyət sahibi olmaq üçün verilmiş qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Eyni zamanda dövriyyədə Tədiyyə-Özəlləşdirmə vasitəsi kimi istifadəsi də Qanuna və Konstitusiyaya zidd olaraq Fərmanla məhdudlaşdırılıb. Əllərində qiymətli kağız olan çekləri qalmış yüzminlərlə vətəndaş Tədiyyə-Ödəmə müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir. Çünki vətəndaşlar üçün çeklərin dövriyyədə tədavül vasitəsi ( alqı-satqı, banka girov və s.) olması vacib deyil. 100 minlərlə vətəndaş Heydər Əliyevin məsləhətinə uyğun olaraq öz çeklərindən dövriyyədə Tədiyyə-Ödəmə vasitəsi kimi istifadə edərək özəlləşdiriləcək iri müəsisələrdə pay sahibi olmaq və divident almaq ümüdi ilə öz çeklərini satmayıb – saxlayıblar.
Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.
Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.
Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.
Əlavə qeyd
Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!
Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.
Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 15 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.
Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.
Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!
Mövzuya dair daha ətraflı məlumatla aşağıdakı keçidlərə daxil olmaqla tanış ola bilərsiniz: