Lavrov: “Qarabağ razılaşmasının pozulmasına imkan verməyəcəyik”

Aktual

17.11.2020 - 15:43

“Azərbaycanlı və erməni qaçqınlar öz ənənəvi yaşayış yerlərinə təhlükəsiz və könüllü olaraq qayıtmalıdırlar”

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağ münaqişəsi ilə bağlı yeni açıqlamalar verib. AYNA-nın xəbərinə görə, Lavrov Ermənistandakı siyasi partiyaların 10 noyabr razılaşmasını pozmaq cəhdlərini tənqid edib.

 

Rusiyanın XİN başçısı bildirib ki, ölkəsi Qarabağla bağlı üçtərəfli bəyanatın pozulmasına imkan verməyəcək.

 

Lavrov həmçinin, ABŞ Dövlət Departamentinin 10 noybar razılaşması ilə bağlı əlavə məlumat tələb etməsindən təəccübləndiyini qeyd edib.

 

“Azərbaycanlı və erməni qaçqınların qayıtması məsələsinə gəldikdə isə onlar öz ənənəvi yaşayış yerlərinə tam beynəlxalq humanitar hüquqa normalarına uyğun olaraq təhlükəsiz və könüllü olaraq qayıtmalıdırlar. Əlbəttə ki, onlara əvvəlki yaşayış yerlərində yerləşməyə yardım edilməlidir. Həmin yerlərdə hərbi əməliyyatlar gedib. O yerlərdə bərpa işlərinə ehtiyac var. Bu məsələdə beynəlxalq təşkilatlar öz rolunu oynaya bilər. Biz buna hər cür yardım edəcəyik. Qayıtmaq arzusunda olanlara tezliklə yardım etmək vacibdir”, - deyə Lavrov bildirib.

 

Nazir vurğulayıb ki, Moskva Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) ardından BMT-nin qurumlarının da humanitar problemlərin həllinə qoşulacağına ümid edir: “Mən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsini, Humanitar İşləri Koordinasiya Bürosunu nəzərdə tuturam. Dağlıq Qarabağda mədəni irsin qorunması məsələsi mövcuddur. Burada UNESCO öz rolunu oynaya bilər. BQXK uzun müddətdir bölgədə mövcuddur və onun təcrübəsi digər təşkilatlar üçün də faydalı ola bilər”.

Müəllif: Ayna.az