2026-cı ilin ilk altı ayında işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərinə 1 milyard 64,1 milyon manat vəsait yönəldilib. AYNA.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanvar-iyun aylarında sifarişçi təşkilatlar tərəfindən təqdim edilən kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 30,4 faizi, yəni 1 milyard 64,1 milyon manat istifadə olunub.
Xərclənən vəsaitin 974,1 milyon manatı infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilib.
Bu çərçivədə:
avtomobil yollarının layihələndirilməsi, tikintisi və yenidən qurulmasına 489,3 milyon manat;
yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisinə 371,1 milyon manat;
turizm infrastrukturunun yaradılmasına 67,6 milyon manat;
Şuşa, Xankəndi və Laçında kanat yollarının layihələndirilməsi və tikintisinə 15,9 milyon manat;
yaşayış məntəqələrinin elektrik təchizatının təmin edilməsinə 15,3 milyon manat;
magistral su xətləri, tullantı və yağış kollektorlarının layihələndirilməsi və tikintisinə 7,6 milyon manat;
sənaye parklarında infrastrukturun yaradılmasına isə 7,3 milyon manat ayrılıb.
Bundan başqa, 29,8 milyon manat səhiyyə və mədəniyyət təyinatlı sosial layihələrə, 45,3 milyon manat ərazilərin minalardan təmizlənməsi işlərinə, 14,9 milyon manat isə müdafiə və hüquq-mühafizə təyinatlı obyektlərin tikintisi və təmiri tədbirlərinə sərf olunub.
Maliyyə Nazirliyinin məlumatına görə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq layihələrinin maliyyələşdirilməsi il ərzində təsdiq olunmuş dövlət büdcəsi çərçivəsində davam etdirilir.