Bütün hərəkət iştirakçıları qaydalara əməl etməyə çağırılır
Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi yağışlı havalarla bağlı sürücülərə və piyadalara müraciə edib. Qurumun mətbuat xidmətindən AYNA-ya daxil olan müraciətdə deyilir:
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların yağmurlu keçəcəyinə dair xəbərdarlıq edib. Odur ki, sürücülər və piyadalar da bunu nəzərə almalıdırlar.
Artıq respublikanın bir sıra bölgələrində yağmurlu hava müşahidə olunur. Bunu nəzərə alaraq sürücülərin diqqətinə çatdırırıq ki, yağışlı havada sürət rejiminə ciddi əməl etsinlər.
Çünki yay aylarından asfalt üzərində yığılıb qalan toz qatı yağış sularının təsiri altında yapışqan və sürüşkən təbəqəyə çevrilir ki, bu da sürətli hərəkət zamanı nəqliyyat vasitəsinin sürüşməsinə, tormoz məsafəsinin uzanmasına gətirib çıxarır.
Piyadaların da diqqətinə çatdırırıq ki, yağmurlu hava şəraitində yolun hərəkət hissəsinə qəflətən çıxmasınlar. Bu, ağır qəzalara səbəb ola bilər”.
Yol polisi bütün hərəkət iştirakçılarını qaydalara əməl etməyə çağırır.