Parlamentdə sülhməramlı müzakirəsi: “Birinci Pyotrun 300 illik qərarı geri oxundu”

Aktual

19.04.2024 - 14:05

Deputatlar sülhməramlıların Qarabağdan çıxmasını alqışladılar, ABŞ və Fransa tənqid edildi: “Rusların qansız-qadasız çıxmasından məyus olublar”

Bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində növbəti plenar iclası keçirilib. Gündəliyinə 14 məsələnin daxil edildiyi toplantıda əvvəlcə deputatlar ölkə gündəmi ilə bağlı fikir bildirib, təkliflər səsləndiriblər.

Deputat Zahid Oruc Rusiya sülhməramlı kontingentinin Qarabağı tərk etməsindən danışaraq bildirib ki, Rusiya və Azərbaycan liderlərinin razılaşaması mühüm beynəlxalq təhlükəsizlik, hərbi və siyasi hadisədir. Millət vəkili tarixə ekskurs edərək deyib ki, Birinci Pyotrun 1712-ci il qərarından sonra Azərbaycan rəhbərləri - İbrahim xandan Elçibəyə qədər hamısı rus orduları ilə savaşdıqları üçün kütləvi itkilər vermişik: “Dövlətimiz çöküb və qətlə yetirilən, devrilən xanlardan Vəzirova qədər, 20 yanvardan Xocalıya kimi, faciəli milli tarix yaşamışıq”.

“Əliyev sövdələşmə ilə Elçibəyin çıxardığı ordunu geri qaytardı, heyif Azərbaycan əsgərinə” deyən şərçilər...”

“2020-ci ilin 10 noyabrında Qarabağ bölgəsinə sülhməramlı qüvvələr yerləşəndə müharibədə bizə məğlub olanlar qələbəmizi ləkələmək üçün “erməni işğalını rus ordusu əvəzlədi” adlı qlobal kampaniyaya başladılar. Ukrayna ilə müharibədən sonra dünyada demonlaşdırılan bir dövlətin Xankəndindəki missiyasını ləkələyən NATO dövlətləri azərbaycanlı və rus əsgərlərini toqquşdurmaq istəyirdilər. “Xankəndi rusa verildi, müharibə olmayıb, Əliyev sövdələşmə ilə Elçibəyin çıxardığı ordunu geri qaytardı, heyif Azərbaycan əsgərinə” deyən şərçilər indi də 17 aprel qərarını “Rusiyanın Qərbə məğlub olması, Ərdoğanın təzyiqi, hətta Paşinyanın manevrləri” ilə bağlayırlar. Sən demə, ruslar Zvartnos limanından da çıxıb bütün Qafqazdan özləri gedirlər. Baxın, riyakarlığı, bu mənfur tezisləri yayanların  yalnız bir məqsədi var: İlham Əliyevin ardıcıl, parlaq və xalqımızı qırğınlara verməyən, məğlubiyyət ənənələrinə son qoyan milli qələbələrini etiraf etməsinlər”, - deyə Z.Oruc bəyan edib.

“Göyçə dağlarına və Zəngəzur dəhlizinə can atan NATO orduları indi nə deyib iki xalqın arasına yerləşəcəklər?”

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin strateji ağlı və keçmiş rəhbərlərin faciələrini görməsi 1960 nəfərlik qüvvədən düzgün istifadəyə imkan verdi: “2023-cü ilin 20 sentayabrında  bütün dünya erməniçiliyinin qınadığı rus əsgəri onların əvəzindən döyüşmədi, Birinci Pyotrun 300 illik qərarı geri oxundu. O cümlədən, sülhməramlılar müstəqllliyimizi buxovlayan xarici hərbi baza deyil, əksinə, Fransa və ABŞ-ın regionda yerləşməsinə qarşı qüvvə oldu. Ağ Evdə və Yeliseydə rus hərbi qüvvələrinin 366-cı alaya çevrilmədiyindən, bir Qafqaz ölkəsindən sülh, diplomatik razılaşma ilə, qansız-qadasız çıxmasından məyus olublar. Axı əsrlərdir xalqımızı qonşu dövlətlərlə toqquşdurub özləri Göyçə dağlarına və Zəngəzur dəhlizinə can atan NATO orduları indi nə deyib iki xalqın arasına yerləşəcəklər?”.

“İndi bütün Qafqazın lideri Şeyx Şamildir, yoxsa, İlham Əliyev?”

“Son 30 ildə cəhbəçiliyin və Əli Kərimliçiliyin çörək və siyasi ideologiyası - “Azərbaycan hakimiyyətini rus ordusu qoruyur”  böhtanı bizi zəfərlərə gətirən Heydər Əliyev kursunun, heç bri xarici hərbi qüvvənin olmadığı bir ölkə quran İlham Əliyevin qarşısında baş əyməyə, elə həmin rus hərbçilərinin ardınca ölkədən çıxıb getməyə qadirdilərmi? İndi bütün Qafqazın lideri Şeyx Şamildir, yoxsa, İlham Əliyev? Xarici ordularla belə işləyərlər, cənablar. Rusiya ilə savaşı bizim üzərimizdən apara bilməyənlər məğlub oldular, Azərbaycan NATO qarşısında növbəti qələbəsini qazandı. İndi tarixdə ilk dəfədir ki, ermənilər üçün canını verməyən 1960 nəfər rus hərbçisi azərbaycanlılarla deyil, Qərblə döyüşməyə gedir. Gedin düşünün, İlham Əliyevin növbəti qələbəsi nə olacaq”, - deyə deputat fikrini tamamlayıb.

Deputat: “Əli Kərimli və onun ətrafında olanların zərrə qədər ləyaqət hissi varsa, Prezidentin önündə baş əyməli, ondan və Azərbaycan xalqından üzr istəməlidir”

Deputat Fəzail Ağamalı isə çıxışında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlini üzr istəməyə çağırıb: “Əli Kərimli və onun ətrafında olanlardan fərqli olaraq, biz düşünürdük ki, İlham Əliyev ölkədə erməni separatizminə son qoymağı başlıca hədəf götürüb. Cənab Prezident də bu yolda ən müxtəlif üsullardan istifadə edərək hədəfə nail oldu. Bu gün Əli Kərimli və onun ətrafında olanların zərrə qədər ləyaqət hissi varsa, Prezidentin önündə baş əyməli, ondan və Azərbaycan xalqından yalanlara görə üzr istəməlidir. Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağdan çıxarılması Prezident İlham Əliyevin diplomatik məharətinin ən böyük uğuru və onun zirvəsidir. Əvvəldən də dövlət başçısının siyasətini dərk edən və onunla bərabər olan hər bir şəxs, Azərbaycan xalqının mütləq əksəriyyəti Vətən müharibəsindən sonra sülhməramlıların orada olmasını müvəqqəti hal kimi yanaşırdı. Bu gün biz rus əsgərlərinin də Azərbaycan ərazisindən çıxarıldığının şahidiyik”.

Millət vəkilindən etiraz: “Vaşinqton və Paris Cənubi Qafqazda münaqişənin bitməsini istəmir”

“Artıq Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması prosesinə başlanılıb. Heç şübhəsiz ki, Üçtərəfli Birgə Bəyanatda “müvəqqəti” şərtinin qoyulması və prosesin məntiqi sonluğa çatdırılması Prezident İlham Əliyevin qətiyyətli və prinsipial siyasətinin nəticəsidir”, - deyən deputat Ceyhun Məmmədov vurğulayıb ki, 10 noyabr 2020-ci il Bəyanatında sülhməramlıların 2025-ə qədər müvəqqəti yerləşdirilməsi maddəsinin sənəddə əksini tapmasını məhz Prezident İlham Əliyevin israrının nəticəsi idi: “Məhz Prezidentin Qarabağla bağlı apardığı uğurlu siyasət nəticəsində Rusiya tərəfi sülhməramlı kontingentinin Qarabağdan çıxarılması haqqında qərar verdi. Şübhəsiz ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması həm də Azərbaycan-Rusiya münasibətlərinin və iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir. Onsuz da iki ölkənin münasibətləri yüksək idi. Sülhməramlıların çıxarılmasından sonra ikitərəfli dostluq münasibətləri daha da inkişaf edəcək”.

“Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasına ABŞ-ın reaksiyası ciddi təəssüf doğurur. Dövlət Departamentinin nümayəndəsinin bu məsələni şərh edərkən Rusiyanın “etibarsız müttəfiq olduğunu” bildirməsi, sülhməramlıların Qarabağdan çıxarılmasını alqışlamaması, əksinə, mənfi tərzdə şərh etməsi Vaşinqtonun riyakayarlığının bir nümunəsidir. Bu bir daha onu göstərir ki, ABŞ və Fransa münaqişənin həllinin ən böyük əleyhdarlarıdırlar. Vaşinqton və Paris Cənubi Qafqazda münaqişənin bitməsini istəmir. Çünki dünyanın bütün bölgələrindən Rusiyanı sıxışdırmağa, çıxarmağa çalışan ABŞ Qarabağdakı sülhməramlıların çıxmasına yanaşmada fərqli mövqe ortaya qoydu. Dəfələrlə Rusiyanı Dnestryanı, Abxaziya, Cənubi Osetiyadan sülhməramlı kontingenti çıxarmağa çağıran, 2022-ci ilin yanvarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbçilərinin Qazaxıstandan çıxarılmasını alqışlayan ABŞ bu dəfə məyusluğunu gizlətmədi”, - deyə millət vəkili etiraz edib.

Çıxışlardan sonra deputatlar gündəlikdə olan məsələlərin müzakirəsinə başlayıblar.

Müəllif: Anar Bayramoğlu