Vahid Əhmədov: “Prezidentin dediyi kimi, nə qədər ki mən hakimiyyətdəyəm, statusdan söhbət gedə bilməz”
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Qarabağın muxtariyyəti ilə bağlı səsləndirdiyi ifadələr tənqid olunmaqdadır. Milli Məclisin deputatı Vahid Əhmədov da hesab edir ki, bu cür yersiz ifadələr səsləndirmək düzgün deyil.
AYNA-nın xəbərinə görə, millət vəkili Milli Məclisin iclasında təəssüflə bildirib ki, bəzi insanlar hələ də muxtariyyət barədə danışırlar: “Dünən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu öz çıxışında hansısa muxtariyyətdən söhbət edir. Sanki Rusiyanın xarici işlər naziri Sergey Lavrovu əvəz edir”.
“Belə insanlar artıq Azərbaycan siyasətində qala bilməzlər. Özləri istefa verib getməlidirlər. Cənab Prezidentin dediyi kimi, Azərbaycan heç vaxt heç bir muxtariyyət barədə söhbət etməyəcək. Heç bir muxtariyyət verilməyəcək. Prezidentin dediyi kimi, nə qədər ki mən hakimiyyətdəyəm, statusdan söhbət gedə bilməz. Bütün dövlət məmurları da bunu nəzərə almalıdır”.