“Azərbaycan ermənilərə bir şans verdi, istifadə etsinlər”

Aktual

09.12.2020 - 23:00

Politoloq: “Sülhməramlı Monitorinq Mərkəzinin Ağdamda yerləşməsi Azərbaycan üçün əlverişli imkan yaradır”

 

Qarabağda Rusiya-Türkiyə ortaq Monitorinq Mərkəzinin təşkili prosesi başa çatmaq üzrədir. Azərbaycanla razılıq əsasında, Mərkəzin Ağdamda yerləşdirilməsi qərarlaşdırılıb.

 

Türkiyə hərbçiləri müqavilənin yerinə yetirilməsinə dronlar vasitəsilə nəzarət edəcəklər. Müşahidə, əsasən erməni əhalinin yaşadığı ərazilərdə aparılacaq.

 

Mövzunu AYNA-ya dəyərləndirən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədovun sözlərinə görə, hələ 44 günlük müharibənin nəticəsi olaraq imzalanan üçtərəfli razılaşmadan sonra, Monitorinq Mərkəzinin harada yerləşməsi ilə bağlı mülahizələrdə optimal variant kimi Ağdam və Bərdə göstərilirdi: “Və Ağdamın üzərində dayanıldı ki, bu seçim Azərbaycanın dövlət maraqlarına tam cavab verir. Təbii ki, Ağdam Dağlıq Qarabağın şimal girişi olduğu üçün coğrafi və strateji baxımdan da böyük əhəmiyyət kəsb edir. Əgər biz Ağdamın hündürlüyünə də nəzər salsaq, görərik ki, bu gün ermənilərin yaşadıqları Xankəndi, Xocavənd və Ağdərə istiqamətində də dağların orta hündürlüyü ilə Ağdamın ən yüksək hündürlüyü arasında fərq yoxdur və Ağdamın həmin yüksək məntəqələrindən Xankəndi, Xocavənd və Ağdərədəki yüksəkliklərə qədər bütün bölgələri seyr etmək olur”.

Düşmən hər fürsətdən istifadə edə bilər - Zaur Məmmədov

“Ümumilikdə Ağdam həm cəbhə bölgəsinə yaxınlığı ilə seçilir, həm də zamanında Azərbaycanın ən inkişaf etmiş Qarabağ torpağının birincilərindən olub. Gələcəkdə də Ağdamda həm hərbi logistikanın, həm də iqtisadi logistikanın qurulması Azərbaycanın maraqlarına cavab verən və hərbi istiqamətdə tamamilə uğurlu strateji hədəflərdən biri olacaq”, - politoloq bildirib.

 

O, mərkəzin Ağdamda yerləşməsinin gələcəkdə ermənilərin separatçı əməllərinin qarşısını almaqda da rol oynayacağını düşünür: “Erməni dairələrinin məğlubiyyətlə barışmadıqları üçün separatçılıq meyillərini davam etdirmək cəhdləri ilə bağlı müəyyən mülahizələr var və onların bu fonda revanşist çıxışlar etdiyini görürük. Mərkəzin Ağdamda yerləşməsi təbii ki, monitorinq etmək üçün Azərbaycana mühüm imkanlar yaradır. Məlum olduğu kimi, hətta, Rusiya tərəfi Monitorinq Mərkəzinin Ağdamdan da uzaqda yerləşməsini istəyirdi. Lakin sonda Azərbaycanın və Türkiyənin istəyi üzrə Ağdam seçimi baş tudu”.

 

“O ki, qaldı ermənilərin provokasiyalarına, bu, hər an ola bilər. Amma unutmaq olmaz ki, bu gün Azərbaycanın hərb sistemi o qədər inkişaf edib ki, biz sputniklər vasitəsi ilə Ermənistan ordusunun, erməni silahlılarının harada nə etdiklərini, hansı istiqamətdə hansı silahlar daşımasını asanlıqla izləyə bilərik. Hər bir halda, əgər onların separatçılıq meyilləri yenidən baş qaldırsa, Ermənistan dövləti və Qarabağdakı ermənilər Azərbaycana qarşı dekstruktiv addımlar atsa (ki, bütün bunlar istisna deyil), o zaman Azərbaycanın hərbi sistemi tədbirlər görə bilər. Lakin bu dəfə heç kim bizi dayandıra bilməz və biz sona qədər bölgədə Azərbaycanın maraqlarının reallaşması üçün qəti addımlar atacağıq”, - Məmmədov vurğulayıb.

 

Siyasi şərhçi Azərbaycanın ermənilərə bir şans verdiyini qeyd edib: “Bu şans ondan ibarətdir ki, onlar Azərbaycanın daxilindəki digər etnik qruplar kimi Azərbaycan qanunvericiliyinə tabe olaraq yaşasınlar və separatçılıq meyllərindən uzaq dursunlar. Çünki həm sosial, həm iqtisadi, həm də infrastruktur baxımından Azərbaycanın tərkibində yaşayan ermənilərin vəziyyəti daha yaxşı olacaq. Çünki biz 30 il ərzində gördük ki, ermənilər Dağlıq Qarabağda demək olar ki, yaxşı formada yaşamırdılar. Azərbaycanın Dağlıq Qarabağdakı zəngin yataqlarını, qızıl ehtiyatlarını istismar edən Ermənistan hakimiyyəti və Dağlıq Qarabağın separatçı rejimi oradan bir qəpik belə, Qarabağ ermənilərinə verməyib”.

 

“Bütün bunlar təbii ki, siyasi amillərdir. Biz bu gün Azərbaycanın tərkibindəki Qarabağ ermənilərinin Ermənistandakı ermənilər və digərləri arasında ciddi şəkildə münaqişə etdiyini görürük. Təsadüfi deyil ki, Koçaryan və Sarkisyan Azərbaycan erməniləri idisə, Ermənistan ermənisi Nikol Paşinyan bu gün Qarabağ erməniləri ilə üz-üzə qalıb. Bütün bunlar ölkə daxilindəki vətəndaş müharibəsini gec-tez qaçılmaz edən faktorlardır”, - müsahibimiz söyləyib.

 

Politoloqun fikrincə, Qarabağ erməniləri Azərbaycanın təkliflərindən faydalanmalıdırlar: “Azərbaycan Qafqazın ən sabit, ən sülhpərvər və ən multikultural dövlətidir. Bunun nəticəsi olaraq Qarabağ ermənilərinə öz ərazisində bundan sonra da yaşamağı təklif edir və ermənilərin bu təklifdən maksimum şəkildə faydalanması lazımdır. Çünki vaxtı ilə erməni siyasi elitası da Azərbaycanın təkliflərini qəbul etməmişdi deyə, sonra həmin təkliflərdən də məhrum oldular və nəticədə ciddi şəkildə məğlubiyyətə uğradılar”.

Müəllif: Mərahim Nəsib