Qarabağ razılaşmasının 9-cu bəndinə diqqət: <font color=red> Bu yol hara aparır?</font>

Aktual

16.11.2020 - 10:20

Həkimlər Klinikalar SEO Xidməti

Natiq Cəfərli: “Nəqliyyat xərcinin ucuzlaşması və zamanın qısaldılması Türkiyə və Azərbaycan üçün önəmlidir”

 

Noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatının 9-cu bəndində Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanı birləşdirən yeni nəqliyyat kommunikasiyalarının təmin edilməsi haqqında razılıq əldə olunub. Avtomobil yolundan savayı ərazidə dəmir yolu xətti də mövcuddur və razılaşmaya əsasən, bu dəmiryolu xəttinin xidmətlərindən də istifadə olunacaq. Dəhlizin təhlükəsizliyinə Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) nəzarət edəcək.

 

Qeyd edək ki, Sovet İttifaqı dövründə Azərbaycanla Naxçıvan arasında nəqliyyatın hərəkəti məhz bu yollar vasitəsilə təmin edilib. Sözügedən yol Ermənistanın Mehri rayonunun ərazisindən keçir. Naxçıvana dəhlizin hansı formada təşkil olunacağı hələlik detallı şəkildə məlum deyil. Bu, sülh danışıqları zamanı ətraflı müzakirə ediləcək.

 

Ekspertlər bildirirlər ki, Naxçıvana quru yolunun açılması Azərbaycan üçün iqtisadi və siyasi əhəmiyyətə malik olduğu qədər də, Türkiyə üçün də əlverişlidir. Naxçıvana Mehridən keçəcək dəhlizin əhəmiyyətini AYNA-ya şərh edən Respublika Alternativ Partiyanın (ReAl) Siyasi Komitəsinin üzvü, iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, yolun açılması Qarabağla bağlı üçtərəfli bəyanatda ən mühüm detallardan biridir.

Natiq Cəfərli: “Dolların başqa bir valyuta ilə əvəzlənəcəyini düşünmürəm”

“Qarabağ münaqişəsi başlayandan bu yana sözügedən yol bağlıdır. 30 ildir ki, Naxçıvana kommunikasıya qapadılıb, bir parçamız blokadadadır. Naxçıvana gediş-gəliş başqa ölkələrdən, əsasən İran ərazisindən istifadə olunaraq həyata keçirilir. Naxçıvanın qaz və elektrik enerjisi ilə Azərbaycan tərəfindən təminatı da mümkün deyil, bu, İran və Türkiyə vasitəsilə həyata keçirilir. Yəni, kommunikasiyaların açılması Azərbaycana həm iqtisadi, həm siyasi, həm də geosiyasi üstünlüklər verir. Əsas məsələ odur ki, yolun açılması prosesi necə həyata keçiriləcək? Təhlükəsizlik necə olacaq, yolun təhlükəsizliyinə zəmanət gələcəkdə hansı formada müəyyənləşəcək? Məlumdur ki, ilk 5 ildə yolun təhlükəsizliyinə Rusiyanın Federal Təhlükəsizlik Xidməti zəmanət verəcək. Sonrakı mərhələdə hansı addımlar atılacaq, bu, önəmlidir”, ReAl funksioneri bildirib.

 

Ekspert dəhlizin iqtisadi cəhətdən də ciddi əhəmiyyətə malik olduğunu vurğulayıb: “Bu yol işlək və təhlükəsizliyə ciddi əməl edilən yol olacaqsa, Türkiyənin Azərbaycan üzərindən həm quru, həm də dəmir yolu vasitəsilə Orta Asiya ölkələrinə çıxışı asanlaşacaq. Bu gün belə marşrut var, amma Gürcüstan ərazisindən keçir. Bu da yolu uzadır, xərcləri artırır. Logistikanın ucuzlaşması və zamanın qısaldılması təbii ki, Türkiyə ilə Azərbaycan iqtisadiyyatını sürətləndirəcək. Onsuz da Azərbaycan ciddi tranzit ölkəsinə çevrilməyə çalışırdı. Çünki Azərbaycan böyük logistik marşrutların mərkəzində yerləşir, Avropa ilə Asiyanın qapısıdır. Naxçıvana dəhliz böyük tranzit ölkəyə çevrilmək imkanlarımızı gücləndirir. Sadəcə yolun açılması mexanizmləri dəqiq olmalıdır ki, gələcəkdə Ermənistan hansısa formada dəhlizin bağlanmasını həyata keçirə bilməsin, maneə yaratmasın”.

 

“Yolun bərpası üçün iki cür addım atıla bilər. Sovet dövründə burada həm dəmir yolu, həm də avtomobil yolu var idi. İndi fakt odur ki, bu iki yolu Ermənistan dağıdıb, yararsız hala salıb. Ya həmin dağıdılmış yolun, yəni, İranla sərhəd boyu olan yolun bərpası gündəmə gələcək, ya da yeni marşrutun çəkilməsi müzakirə ediləcək. Əsas məsələ odur ki, yol tam olaraq Rusiyadan asılı vəziyyətdə qalmasın. Yaxşı olardı ki, gələcəkdə bağlanacaq müqavilələrdə dəhlizin təhlükəsizliyi ilə bağlı Azərbaycan və Türkiyənin Rusiya ilə birgə iştirakı məsələsi haqqında müddəa olsun”, - deyə N.Cəfərli qeyd edib.

 

Müsahibimizin qənaətincə, təhlükəsizlik məsələsi təkcə Rusiyadan asılı olsa, bu, problemlidir: “Düşünmürəm ki, Rusiya uzun illər təhlükəsizlik zəmanəti rolunu davam etdirəcək. Bir müddətdən sonra güman ki, buna ehtiyac da qalmayacaq. Ona görə də marşrutun təhlükəsizliyi ilə bağlı çox ciddi, beynəlxalq səviyyəli təminat olmalıdır. Elə bir beynəlxalq təminat ki, yolun daimi təhlükəsizliyində digər ölkələr də iştirak edə bilsin. Yəni, təhlükəsizlik təminatı təkcə Rusiyanın üzərində olmasa, daha yaxşıdır. Çünki ola bilsin, 5 ildən sonra buna ehtiyac qalmayacaq. Sülh müqaviləsi bağlandıqda bütün siyasi və inzibati məsələlər həllini tapsa, sülhməramlı missiyanın müddətinin uzadılmasına ehtiyac qalmaya bilər. O zaman həmin marşrutun təhlükəsizliyi məsələsi yenidən gündəmə gələcək. İndidən təhlükəsizlik məsələsini sığortalamaq üçün beynəlxalq müşahidəçilərin, yaxud da hansısa beynəlxalq zəmanətin olması daha məntiqlidir. Çox güman ki, bu ilin sonu-gələn ilin əvvəlində sülh danışıqları start götürəcək. Danışıqlarda Naxçıvana dəhliz məsələsi razılaşdırılacaq ilk məsələlərdən biri olmalıdır”.

 

Yolun bərpası və yaxud da yeni yolun çəkilməsinin xərci məsələsinə gəlincə, Cəfərli hesab edir ki, xərc Azərbaycan və Türkiyənin üzərinə düşəcək: “Ermənistan, onsuz da Naxçıvana dəhliz məsələsində həddindən artıq narazıdır. Ona görə də, yolun xərcinə Ermənistan bir qəpik də xərcləyən deyil. Güman ki, Azərbaycanla Türkiyə arasında kommunikasıyaların bərpası müzakirə olunacaq, sərfəli və təhlükəsizlik qaydalarına uyğun bir yol çəkiləcək. Burada texniki tərəflər də var. Yəqin ki, kəsişən yolların üzərindən körpülər salınmalıdır. Çünki Ermənistan deyə bilər ki, İrana gedişləri üçün yeganə keçid buradandır. Bütün narazılıq yarada biləcək texniki detallar müzakirə olunub, birdəfəlik həllini tapmalıdır”.

 

İqtisadçının fikrincə, gələcək perspektivdə bu yoldan Ermənistanın da istifadəsi mümkün ola bilər: “Ermənistan vaxtilə Qarabağ münaqişəsini yaratmasaydı, Azərbaycan ərazilərini işğal edib, 30 il işğalda saxlamasaydı, iqtisadiyyatı yüksək templə inkişaf edərdi. Ümumiyyətlə, Cənubi Qafqaz çiçəklənən regiona çevrilərdi. Ermənistanın böyük səhvi idi ki, müvəqqəti üstünlüklərindən başları gicəlləndi, iqtisadi inkişafları, müstəqillikləri ilə bağlı təhlükələr yaşadılar. Birinci Qarabağ müharibəsində Ermənistan müstəqilliyini faktiki olaraq itirərək Azərbaycan ərazilərini işğal edə bildi. İndi Ermənistan yenidən müstəqil olmaq istəyirsə, o zaman işğalçı iddialarına son qoymalıdır, Azərbaycanla birlikdə bölgədə müxtəlif layihələrin iştirakçısına çevrilə bilər. Yəni, bu, mümkün olan haldır. Mənə elə gəlir ki, bunu ermənilər gələcəkdə dərk edəcəklər. Ermənistan iddialarına son qoysa, sülh şəraitində yaşamağı məqbul görsə, o zaman bütün kommunikasiyalardan istifadə edə bilər, iqtisadiyyatını çiçəkləndirər”.

Müəllif: Anar Bayramoğlu