Qarabağda minalar zərərsizləşdirilir: robot kompleks cəlb edilib

Aktual

06.12.2020 - 13:59

“Uran-6” robot kompleksi ilə Xocalıda 8 hektara yaxın ərazi təmizləyib

 

Qarabağda ərazinin partlamamış hərbi sursatlardan və partlayıcı maddələrdən təmizlənməsi üçün ilk dəfə çoxfunksiyalı “Uran-6” robot kompleksi işə cəlb edilib. AYNA xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, nazirliyin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbi qulluqçuları robot vasitəsilə Xocalı qəsəbəsində 8 hektara yaxın ərazini təmizləyib.

 

“Uzaqdan idarə olunan robot sistemləri minaların təmizlənməsi zamanı işçilərin təhlükəsizliyini təmin edərək daha geniş ərazidə mina təmizləmə işləri aparmağa imkan verir”, - deyə məlumatda vurğulanıb.

 

Xəbərdə qeyd olunub ki, "Uran-6" robot kompleksi 800 metrə qədər məsafədən idarə edilə bilər.

 

"Cihaz hər tərəfli görünüş təmin edən 4 yüksək keyfiyyətli video kameraya malikdir. "Uran-6" kompleksinin istismarı zamanı yerdə basdırılmış mina və ya hərbi sursat tətikləmə vasitəsiylə və ya fiziki məhv etmə ilə zərərsizləşdirilir", - deyə Rusiya Müdafiə Nazirliyi bəyan edib.

 

Bundan başqa Rusiya sülhməramlıları Şuşa ətrafındakı yol boyunca 4,8 hektar ərazini və 2,5 km uzunluğunda yolu minalardan təmizləyib.

 

Nazirliyin məlumatına görə, ötən gün əraziləri minalardan və partlamamış hərbi sursatlardan təmizləyən zaman 35 partlayıcı obyekt aşkar edilərək məhv edilib.

 

Bildirilib ki, bu günə kimi ümumilikdə, Qarabağdakı sülhməramlılar təxminən 50 hektar ərazini, 17 km yolu hərbi vasitələrdən təmizləyib və təxminən 1150 partlayıcı maddə aşkar edərək zərərsizləşdirib.

 

“Minalar və ya partlamamış döyüş sursatları xüsusi poliqonlarda məhv edilir, amma daşınması təhlükəli olan sursatlar təhlükəsizlik tədbirləri görüldükdən sonra yerindəcə məhv edilir”, - deyə vurğulanıb.

 

Müəllif: Ayna.az