“Onun maşınlarını bəyənirəm, amma onları alıcılara məcbur satmaq doğru deyil”
ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində aralarındakı münaqişəyə baxmayaraq milyarder İlon Maskı bəyəndiyini açıqlayıb. AYNA.AZ xəbər verir ki, Amerika lideri sahibkarı “böyük” və “möhtəşəm oğlan” adlandırıb.
"Mən son vaxtlar onunla çox danışmamışam. Amma hesab edirəm ki, İlon əla oğlandır. Onun hər zaman yaxşı olacağını bilirəm", - dövlət başçısı bildirib.
Prezident əlavə edib ki, “ağıllı oğlan” Mask onunla seçki kampaniyası aparıb, lakin “bir az əsəbiləşib”.
“Bu, yersiz idi”, - deyə Prezident qeyd edib.
Tramp sahibkarın narazılığını hakimiyyətin Maskın “Tesla” şirkəti tərəfindən istehsal olunan elektromobillərin ABŞ-da yayılmasına yardım etməməsi ilə əlaqələndirib: “Onun maşınlarını bəyənirəm, amma onları alıcılara məcbur satmaq doğru deyil”.
Qeyd edək ki, Tramp və Mask prezident seçkiləri kampaniyası zamanı mehriban münasibətdə olublar. Lakin may ayının sonunda milyarder dövlət xidmətini tərk etdikdən sonra aralarında münaqişə yaranıb. Buna səbəb, digər məsələlərlə yanaşı, vətəndaşlar üçün vergi güzəştləri nəzərdə tutan “böyük və gözəl” qanun layihəsi olub. Mask sənədi “iyrənclik” hesab edib və Trampın təşəbbüsünün “artıq nəhəng büdcə kəsirini” artıracağını, amerikalı ailələri dözülməz borcla yükləyəcəyini bildirib.
“Bloomberg”in məlumatına görə, biznesmen Trampın qanun layihəsini bloklamaq qərarına gəlib. Amma o qanunvericiləri sənəddə elektrikli avtomobillər üçün mühüm vergi güzəştlərinin saxlanmasına inandıra bilməyib. Mənbə iddia edir ki, qanuna edilən dəyişikliklər ilin sonuna qədər elektriklə işləyən avtomobillərə verilən 7,5 min dollar subsidiyanın ləğvini nəzərdə tutur. Mask Prezidentlə münaqişəsinin buna görə başladığını inkar edir.