“Danışıqlar masasına mümkün qədər gec oturmalıyıq” – <font color=red> ELÇİN ŞIXLI</font>

Aktual

22.10.2020 - 13:18

“Müharibənin belə tezliklə başlayacağını gözləmirdim”

 

Müharibə günlərində Pressklub.az-ın növbəti həmsöhbəti Azərbaycan Jurnalistlər Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ayna”- “Zerkalo” qəzetlərinin (2001-2014-cü illər), Ayna.az saytının və Ayna TV-nin təsisçisi Elçin Şıxlı olub. AYNA müsahibəni istinadla təqdim edir:

 

- Elçin müəllim, Qarabağ müharibəsinin anidən başlaması Sizin üçün gözlənilən idimi?

 

- Sözün doğrusu, müharibənin başlamasını təxmin etmək olardı, amma bunun belə tezliklə baş verməsini gözləmirdim. Demək olar ki, gözlənilməz idi.

 

- Aparılan əməliyyatlar nəticəsində bir çox yaşayış məntəqələrimiz işğaldan azad olunub və olunur. Sizcə, hərbi əməliyyatlar davam etməlidir, yoxsa Minsk Qrupu çərçivəsində danışıqlar prosesi bərpa olunmalıdır?

 

- Mən düşünürəm ki, imkanımız olduqca irəli getməliyik. Danışıqlar masasına mümkün qədər gec oturmalıyıq. Çünki ermənilərin xislətini, Minsk Qrupunun 30 illik fəaliyyətini nəzərə alsaq, onların bizim ordumuzun zəfərlərinin qarşısını almaq istəyəcəyini düşünürəm. Ona görə də, nə qədər imkan varsa, irəli getməliyik. Təbii ki, artıq status-kvo məsələsi yoxdur. Minsk Qrupu bizə ancaq əvvəlki prinsipləri təklif edəcək. Dövlət xadimlərimiz diplomatik şəkildə deməlidirlər ki, bəli, biz sülh tərəfdarıyıq. Mən də sülh tərəfdarıyam, amma düşməni darmadağın etdikdən sonra sülh danışıqlarına başlamaq olar. İstənilən müharibə sülhün bağlanması ilə başa çatır. Ona görə də o prinsiplərin heç biri, ordumuzun uğurlu hərəkatından sonra, bizə artıq lazım deyil. Və ermənilərin də burdan muxtariyyət qazanmasının əleyhinəyəm. Yaşamaq istəyirlərsə, yaşasınlar, əgər bacarırlarsa. Amma heç bir muxtariyyətdən söhbət belə gedə bilməz. Çünki onlara imkan versək, ən azı beş ildən sonra yenidən baş qaldıracaqlar və bu problemi yenidən qabardıb, başımızı ağrıdacaqlar.

 

- Bölgənin böyük gücü olan Rusiyanın hazırda bu məsələ ilə bağlı mövqeyini necə qiymətləndirirsiniz?

 

- Rusiya ermənilərə daha çox meyl edir. Ermənilər onların əlinin altındadır. Bir ölkənin ki, sərhədlərini Rusiya qoruya, Rusiyanın mövqeyi burada artıq aydındır. Bütün silahlar, sursatlar Ermənistana Rusiyadan gedir. Biz də Rusiyadan silah alırıq, amma pulla alırıq. Rusiya Ermənistana ya kreditlə verir, ya da ən pis halda bizə 10 manata satdıqları silah-sursatı onlara 1 manata satırlar. Rusiyanın Ermənistanda hərbi bazası var, Ermənistan Rusiyanın əlindən çıxsa, Cənubi Qafqaz tam əlindən çıxmış olacaq. Gürcüstanı artıq itiriblər. Azərbaycan tam müstəqil, özü-özünü dolandıran, öz ayaqları üstə möhkəm dura biləcək, bundan sonra da daha geniş potensialı ola biləcək bir ölkədir. Bu baxımdan Rusiya Ermənistanı əldən versə, Cənubi Qafqazı itirmiş olacaq. Amma Rusiyanın düşdüyü hazırkı geosiyasi vəziyyət – bir tərəfdən Belarus, bir tərəfdən Ukrayna, Qırğızıstanı heç demirəm, Moldovada Dnestryanı problem – çox mürəkkəbdir. Rusiyanın iqtisadiyyatı sovet iqtisadiyyatıdır. Rusiya xammal ölkəsi olaraq qalır. Rusiyada texnoloji inkişaf çox bərbad vəziyyətdədir. Onların hətta bütün elmi və digər normal potensialı ölkə xaricinə gedir. Yəni beyin axını baş verir. Rusiyada Moskva, Sankt-Peterburq və bir neçə şəhərdən başqa digər yerlərə getsəniz, ən yaxşı halda SSRİ dövrünün 70-ci illərinə düşmüş kimi özünüzü hiss edəcəksiniz. Uraldan o yana, Tayqa, Tundradan Moskvanın heç xəbəri yoxdur, oralarda heç hakimiyyət yoxdur. Yəni, meşələrdə, tundralarda insanlar sanki ibtidai icma quruluşunda yaşayırlar. Orada köçəri həyatdır və heç bir müasirlik yoxdur. Rusiyanın başından xəbəri var, ayağından isə xəbəri yoxdur. Amma burnunu hər yerə soxur, aləmi də bir-birinə qatır.

 

- Qarabağ müharibəsi mövzusunda nələrsə yazmaq düşüncəniz varmı?

 

- Mən heç zaman şüarlardan xoşlanmamışam. Nəsə yazmaq üçün gərək onu yaşayasan, o hadisələrin içində olasan, duyasan. Təbii ki, nəsə yazacam. Amma o, mənim üçün şüarçılıqdan kənar olan bir şeydir.

 

- Hazırkı mərhələdə həmvətənlərinizə nə deyə bilərsiniz?

 

- Hamı möhkəm olmalıdır. Hamını bu qələbələrlə əlaqədar təbrik edirəm. Hamı bir olmalıdır və biz bu qələbəni tezliklə əldə etməliyik. Şəhidlərimizin ruhu şad olsun. Onların valideynləri qarşısında baş əyirəm ki, belə övladlar böyüdüblər və onlara səbr diləyirəm. Biz bu uşaqların qarşısında borcluyuq. Onların ailələrinə, valideynlərinə hamılıqla diqqət yetirməliyik. Çünki biz bundan sonrakı firavan həyatımız, inkişafımız, torpaqlarımızın və ərazilərimizin bütövlüyünü onlara borcluyuq. Hamı bir olmalı, möhkəm olmalıdır və heç kim heç nədən çəkinməməlidir. Hamını təbrik edirəm. Qarabağ bizimdir!

Müəllif: Ayna.az