Fransa kəşfiyyatının rəhbəri: "Dünyada heç bir kəşfiyyat xidməti ABŞ-ın zərbələrinin İranın nüvə obyektlərinə vurduğu zərəri dəqiq qiymətləndirə bilməyəcək"
Fransa Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE) hesab edir ki, ABŞ-ın zərbəsi nəticəsində İranın nüvə proqramının elementləri ciddi zədələnib. AYNA.AZ xəbər verir ki, bu barədə LCI telekanalında İdarənin rəhbəri Nikolas Lerner bildirib.
“Bizim bugünkü qiymətləndirməmiz ondan ibarətdir ki, elementlərin hər biri ciddi şəkildə zədələnib. İranın nüvə proqramı əhəmiyyətli dərəcədə, yəqin ki, bir neçə aylıq gecikib”, Lerner qeyd edib.
Lerner vurğulayıb ki, bu gün "dünyada heç bir kəşfiyyat xidməti ABŞ-ın zərbələrinin İranın nüvə obyektlərinə vurduğu zərəri dəqiq qiymətləndirə bilməyəcək".
Qeyd edək ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb, bir gün keçməmiş İslam Respublikası cavab hücumuna başlayıb. ABŞ münaqişənin gərginləşməsindən 9 gün sonra İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirib.
İran iyunun 23-ü axşam saatlarında Amerikanın Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki Əl-Udeyd aviabazasına hücum edib. Bundan sonra ABŞ Prezidenti Donald Tramp İsrail və İranın atəşkəsə razılaşdığını açıqlayıb. Atəşkəs iyunun 24-də qüvvəyə minib.