“Hər dəfə Putinin Rusiyası Ukraynada irəlilədikcə təhlükə hamımıza yaxınlaşır”
Fransa Prezidenti Emmanuel Makron Britaniyaya səfəri zamanı Avropanın Ukraynaya dəstəyi ilə bağlı yeni açıqlama verib. AYNA.AZ “The Guardian”a istinadən bildirir ki, Makronun sözlərinə görə, Avropa ölkələri Rusiyanın təcavüzünə qarşı mübarizədə Kiyevə dəstəyini davam etdirəcəklər.
“Avropalılar heç vaxt Ukraynanı tək qoymayacaqlar, heç vaxt”, Makron Britaniya Parlamentində çıxışı zamanı deyib.
Fransa Prezidenti vurğulayıb ki, Ukrayna Rusiya tərəfindən qanunsuz hücuma məruz qalıb. O Böyük Britaniyanı Rusiyanın genişmiqyaslı işğalından əvvəl də Ukraynanın ən yaxın müttəfiqlərindən biri olduğuna görə tərifləyib.
“Hər dəfə Putinin Rusiyası Ukraynada irəlilədikcə təhlükə hamımıza yaxınlaşır. Biz heç vaxt güclü olanın haqlı olduğu nəzəriyyəsini qəbul etməyəcəyik”, – Makron əlavə edib.
Fransa Prezidenti həmçinin bildirib ki, “istəklilər koalisiyası” Ukrayna və Rusiya arasında atəşkəs əldə etmək səylərinə davam edəcək: “Biz atəşkəsə nail olmaq, davamlı sülh yaratmaq naminə danışıqlara başlamaq üçün son dəqiqəyə qədər mübarizə aparacağıq. Çünki Ukraynada təhlükəsizliyimiz və ümumi prinsiplərimiz təhlükə altındadır”.