Pit Heqset Ağ Evi xəbərdar etmədən Ukraynaya silah satışını dayandırıb
ABŞ müdafiə naziri Pit Heqset ötən həftə Ukraynaya bəzi silah satışını dayandırmaq qərarı barədə Ağ Evə məlumat verməyib. AYNA.AZ bildirir ki, bu barədə “CNN” bir çox mənbəyə istinadən məlumat yayıb.
Mənbələr qeyd ediblər ki, bu, “fasilənin niyə tətbiq edildiyini və bunun Konqresə və Ukrayna hökumətinə necə izah ediləcəyini anlamağa çalışan administrasiyada ajiotaj yaradıb”.
ABŞ-ın Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloq və dövlət katibi, eyni zamanda, Prezidentin milli təhlükəsizlik üzrə müşaviri olan Marko Rubio da “pauza barədə əvvəlcədən məlumatlandırılmayıblar və bu barədə mediadakı məlumatlardan öyrəniblər”.
“CNN” ABŞ Prezidenti Donald Trampın çərşənbə axşamı günü bu addıma görə heç bir məsuliyyət daşımadığını deməsinə diqqət çəkib.
Mənbələrin bildirdiyinə görə, çərşənbə axşamı Nazirlər Kabinetinin iclasında tədarüklərdə fasiləyə kimin icazə verdiyi ilə bağlı suala cavab olaraq Tramp deyib: "Bilmirəm, niyə mənə demirsiniz?".
Pentaqonun sözçüsü Kinqsli Uilson “CNN”ə bildirib ki, "Heqset Prezidentə hərbi yardım çatdırılması və mövcud ehtiyatları qiymətləndirmək üçün çərçivə təqdim edib və bu səylər hökumət daxilində koordinasiya edilib".