Ermənistanın məğlubiyyət səbəbləri: Babayan etiraflar etdi

Aktual

13.12.2020 - 23:08

“Məğlubiyyətdə son 10 ildə baş qərargah rəisi, müdafiə naziri və ali baş komandan vəzifələrini tutan hər kəs məsuliyyət daşıyır”

 

Dağlıq Qarabağın separatçı qurumunun “Təhlükəsizlik Şurasının” keçmiş “rəhbəri” Samvel Babayan İkinci Qarabağ müharibəsində erməni tərəfinin məğlubiyyətinin səbəblərini açıqlayıb. AYNA erməni mediasına istinadən bildirir ki, Babayanın sözlərinə görə, döyüş əməliyyatlarının ilk günü, sentyabrın 27-də səhər Ermənistan hava hücumundan müdafiə qüvvələrinin təxminən 50 faizini və topların isə 40-ni itirib.

 

O, qeyd edib ki, müharibənin ilk günlərində digər Azərbaycan Ordusunun sıradan çıxardığı erməni hərbi texnikası arasında 10-a yaxın Osa kompleksi və S-300 sistemi olub: “Bundan sonra Azərbaycan Ordusu əsas zərbələri iki istiqamətdən - Şimaldan və Cənubdan endirməyə başladı. Müdafiə xəttimiz yarıldıqdan sonra Cənubda müdafiəni təşkil etmək üçün insan resurslarımız və müvafiq komandirlər olmadı”.

 

“Səfərbərliyin ilk mərhələsində 17 min 500 nəfərlik ehtiyyat qüvvələrdən 7500-8000 nəfər hərbiyə çağırılmalı idi. Birinci mərhələ 90 faiz yerinə yetirildi, amma sonrakı mərhələlərə əməl edilmədi. Səbəb odur ki, dərhal hərbi səfərbərlik tam yerinə yetirilmədi, Qarabağdan sərbəst çıxışa icazə verildi. Yoxlamalardan sonra o da məlum oldu ki, çağırılan 8000 nəfərdən 3000 nəfər heç hərbiyə gəlməyib, fərarilik ediblər.  Ermənistandan gəlməsi planlanan 11 min nəfərdən isə 6-7 min nəfər gəldi. Bir sözlə insan resursumuz olmadı”, - deyə Babayan bildirib.

 

Separatçıların sabiq “məmuru” deyib ki, Azərbaycan PUA-larını və toplarının atəş nöqtələrini ermənilərin zərərsizləşdirə bilməməsi qoşunlar arasında çaxnaşmaya səbəb olub: “Zabit korpusunun 70 faizdən çoxu döyüşdə deyildi. Komandirlər arasında əmrləri yerinə yetirməkdən imtina halları çoxaldı. Bu vəziyyətin yaranmasına səbəb Ermənistan silahlı qüvvələrində 10 ildir davam etdirilən yanlış kadr siyasətidir. Məğlubiyyətdə son 10 ildə baş qərargah rəisi, müdafiə naziri və ali baş komandan vəzifələrini tutan hər kəs məsuliyyət daşıyır”.

Müəllif: Ayna.az