“Azərbaycan bayrağı Şuşada, Laçında, Xankəndidə dalğalanacaq”

Aktual

06.11.2020 - 12:43

Sahibə Qafarova: “Düşmənin keçilməz hesab edilən müdafiə xətti yarılıb”

 

“Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Qarabağ savaşı həlledici mərhələyə daxil olub”. AYNA-nın APA-ya istinadən məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

 

S.Qafarova bildirib ki, bu gün işğaldan azad edilmiş bir çox kənd, qəsəbə və şəhərdə Azərbaycan bayrağı dalğalanır: “Son 17 ildə həyata keçirilən ordu quruculuğu hərb meydanında özünü göstərir. Düşmənin keçilməz hesab edilən müdafiə xətti yarılıb. İşğalçı qüvvələrə ağır zərbələr endirilir”.

 

“Erməni şovinistləri öz havadarları ilə birlikdə bir əsrdən çoxdur ki, xalqımıza qarşı apardığı informasiya müharibəsində də sarsıdıcı zərbələr alır. Azərbaycanın haqq işi uğrunda mübarizə apardığını söyləyən prezidentimiz hər kəsə nümunə göstərir. Prezident İlham Əliyevin xarici mediaya verdiyi müsahibələr informasiya savaşında ermənilərə ən böyük zərbədir. Mən əminəm ki, Azərbaycan ordusunun zəfər yürüşünün başa çatacağı gün uzaqda deyil. Tezliklə Azərbaycan bayrağı Qarabağın incisi olan Şuşada, Laçında, Xankəndidə dalğalanacaq. Prezidentin də dediyi kimi biz haqq mübarizəsindəyik və zəfər çalacağıq. Qarabağ Azərbaycandır”, - deyə spiker vurğulayıb.

Müəllif: Ayna.az