“Tofiq Yaqublunun müalicəsi “City Hospital”da davam etdiriləcək” - <font color=red> RƏSMİ</font>

Aktual

13.09.2020 - 14:02

Penitensiar Xidmət həbsdə olan siyasi fəalla bağlı məlumat yayıb

 

Penitensiar Xidmət həbsdə olan Müsavat Partiyasının üzvü, siyasi fəal Tofiq Yaqublu ilə bağlı məlumat yayıb. AYNA-nın xəbərinə görə, məlumatda bildirilir ki, məhkəmənin qərarı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Tofiq Yaqublu saxlanıldığı 3 saylı istintaq təcridxanasında qanunvericiliyə uyğun olaraq maddi-məişət şəraiti ilə təmin olunub, hüquqları məhdudlaşdırılmayıb, ailə üzvləri və vəkilləri ilə mütəmadi görüşmüş və telefon vasitəsilə əlaqə saxlayıb: “Tofiq Yaqublu məhkəmə qərarına etiraz olaraq qida qəbulundan imtina etdiyini bəyan edib, vəkilləri isə hökmdən apellyasiya şikayətləri veriblər. Onunla müvafiq izahedici söhbətlər aparılıb, həmçinin İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) tərəfindən və Ombudsmanın Milli Preventiv Qrupunun həkim üzvünün iştirakı ilə qəbul edilib və ona səhhətində problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı söhbətlər aparılaraq müvafiq tövsiyələr verilib. Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki ofisinin nümayəndələrinin onunla görüşünə şərait yaradılıb”.

 

“Bununla belə, onun səhhətinin daim həkim nəzarətində saxlanılması üçün o, istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirilib, səhhəti stabil olub. Eyni zamanda xahişi ilə tanıdığı mülki sektorun həkimi Adil Qeybullaya onun müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi üçün orada lazımi şərait yaradılıb. Adil Qeybulla müayinənin və müalicənin daha rahat və əlçatan olması üçün çalışdığı “City Hospital”a T.Yaqublunun köçürülməsi ilə bağlı müraciət edib.  T.Yaqublunun səhhətinə qayğı ilə həssas yanaşılaraq və humanizm nümayiş etdirilərək o, mülki xəstəxanaya – “City Hospital”a köçürülüb. A.Qeybullanın KİV nümayəndələrinə açıqlamasında bildirdiyi kimi, T.Yaqublunun müayinəsi və müalicəsi bilavasitə onun həkim nəzarəti altında “City Hospital”da davam etdiriləcək”, - deyə açıqlamada vurğulanıb.

Müəllif: Ayna.az