Bir zamanlar 40 dəmirçinin işlədiyi Dəmirçidə indi iki sənətkar qalıb...
Ağahüseyn Hüseynov uşaqlıqdan dəmirçiliklə məşğul olur. O, Şamaxı rayonunun adı da bu sənətə bağlı olan Dəmirçi kəndində yaşayır. Bir vaxtlar 40-dan çox dəmirçi olan kənddə indi yalnız iki dəmirçi qalıb.
Sənəti yaşadanlardan biri məhz Ağahüseyn ustadır. AYNA-ya danışan usta alıcıların çox olmadığını, lakin buna baxmayaraq hər gün işlədiyini deyir: “İşləyirik ki, çörəyimiz olsun, kimlərəsə minnətçi olmayaq. İş olur: xub olur, kəm olur - amma olur. Düzdür, əl işinə qiymət var, amma o qədər də olmur”.
“O vaxtlar gecə-gündüz işləyirdik, nal kəsirdik, balta düzəldirdik, qayçı düzəldirdik. Amma indi o qədər ehtiyac yoxdur. İndi də bekar dayanmıram. İstirahət edirəm, amma bekar dayanmıram. Dəmim gəldi, işləyirəm. Nə vaxt olsa, alıcısı gələr”, - deyə həmsöhbətimiz bildirir.
Dəmirçi gündəlik 10-15 manat qazanmaq mümkün olduğunu söyləyir. Bəzən isə bütün məhsullarını gəlib bir nəfər alır…
Hüseynov dəmirçiliklə yanaşı təsərrüfatla da məşğul olur. O, kənddə yaşayıb, çörəyə, kənd təsərrüfatı məhsullarına pul verməyin normal olmadığını hesab edir.
“Təsərrüfatla da məşğulam - əkirəm, becərirəm, mal-qara saxlayıram. Kənddə yaşayıramsa, bunları etməliyəm. Daha gedib çörəyə pul verməyəcəm ki! Kənddə pul var - amma işləyən üçün. Yalandan desən ki, pul yoxdur – doğru olmaz, işləmək lazımdır”, - deyə usta qeyd edir.
Ağahüseyn Hüseynov emalatxanasına gələn, qonağı olan heç kimi əliboş yola salmır. Ən azından, dəmirçi zindanının üstündə bir çay dəstgahına qonaq edir…