Tunelin aşkarlanması rezonans doğurub, rəsmilər tərəfindən əraziyə baxış keçirilib
Göygöl rayonunun ərazisi alman irsləri ilə zəngindir. Yaşadıqları bir əsrdən artıq dövr ərzində almanlar burada çox sayda zirzəmi, yeraltı sığınacaq yaradıblar, mədənçilik işləri ilə məşğul olublar.
Bu günlərdə isə almanların rayon ərazisində qazdıqları daha bir tunel yerli sakinlər tərəfindən aşkar edilib. Rayonun Aşıqlı kəndindən təxminən 6 kilometr məsafədə yerləşən ərazi yerli sakinlər arasında Qara dağ kimi tanınır.
Tunelin yerləşdiyi ərazi kənardan diqqəti o qədər də cəlb etmir. Qıraqdan çökəklik kimi görünən ərazinin ətrafını qaratikan kolları əhatələyib. Yalnız diqqətlə baxdıqda orada bir kaha görmək mümkündür.
Bir adamın az qala sürünərək girə biləcəyi kaha ilk baxışdan vəhşi heyvan yuvasını xatırladır. İçəri girdikdə isə insanı geniş mağara qarşılayır. Bundan sonra, bəzən insan enində dar tunellər, bəzən isə daha geniş ərazilər açılr.
Ümumiyyətlə, mağaranın yolları bir neçə hissəyə bölünür. Lakin bu yolların çoxu dalana dirənir. Bir yol isə insanı təxminən 65 metr dərinliyə aparır.
Texnikanın zəif inkişaf etdiyi dövrdə belə bir tunelin açılması heç də asan başa gəlməyib. Dərinliyə düşülsə də, burada nəfəs almaq çətinlik törətmir.
Tunelin divarları sarı, qırmızı, çəhrayı rənglərə çaldığından buranın mədənçilik məqsədilə qazıldığı ehtimalı yüksəkdir. Buranın nə məqsədlə istifadə olunduğunu öyrənmək mütəxəsislər üçün çətin olmamalıdır.
Xüsusi idman bacarıqları sayəsində hərəkət etməyin mümkün olduğu tunel eyni zamanda təhlükəlidir. Burada hər an torpaq uçqunu baş verə bilər.
Eyni zamanda mağarada oxlu kirpi və zəhərli sürünənlərə rast gəlmək ehtimalı var. Yarasalarla özümüz rastlaşdıq. İstirahət edən məməlilər tunelin tavanlarına yapışaraq öz ov zamanlarını gözləyirdi.
Tunelin aşkarlanması demək olar ki, ərazidə rezonans doğurub. Gəncə Regional Turizm İdarəsi tərəfindən əraziyə baxış keçirilib və buranın gələcəkdə turizm marşrutuna salınması məsələsi müzakirə olunur.