Deputatlardan Qərbə etiraz: “Onlara Paşinyanın dili ilə cavab verməliyik"

Aktual

23.04.2024 - 13:58

Həkimlər Klinikalar SEO Xidməti

Zahid Oruc: “Prezident Azərbaycanın qlobal  fitvalara qoşulmadan, forpost olmadan, Bakıdan Mokvaya zərbə vurulmayacağına zəmanət verir”

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib. Toplantının gündəliyinə daxil olan 18 məsələ müzakirəyə çıxarılıb. Əvvəlcə deputatlar gündəmlə bağlı fikirlərini səsləndirib, təkliflərini veriblər.

“Bəzi qüvvələr baş qaldırmağa başlayıblar”

Deputat Siyavuş Novruzov anti-Azərbaycan qüvvələrinin fəaliyyətdə olduğunu diqqətə çatdırıb. Millət vəkili bildirib ki, ölkənin uğurları artdıqca bəzi qüvvələr baş qaldırmağa başlayıblar: “Bu qüvvələr də bəzi Qərb ölkələri, beynəlxalq təşkilatlardır. Əfsuslar olsun ki, bəzi Qərb ölkələri özünü demokratik olaraq göstərsə də, Azərbaycanın haqq işinə dəstək göstərmədilər, bu gün də göstərmirlər. Məsələn, Azərbaycana qarşı təcavüzlər, ağır cinayətlər törətmiş şəxslərə hələ də sanksiya tətbiq edilməyib. Azərbaycan addımların beynəlxalq hüququn əsaslarına uyğun şəkildə atır, atdığı addımlar Azərbaycanın haqq işidir. Xocalı soyqırımını törədənlərə, Gəncəni, Tərtəri, Bərdəni bombalayanlara, dinc sakinlərə qarşı atəş açanlara qarşı hələ sanksiya tətbiq edilməyib. Zori Balayan Balayan azərbaycanlı uşaqları necə yandırdığını öz kitabında yazıb, amma belələrinə qarşı addım atılmır”.  

Deputat AXCP sədri Əli Kərimlini debata çağırdı: “Nə vaxt istəyir, biz hazırıq”

“Yeri gəlmişkən, Azərbaycanda Əli Kərimli adlı “tiktoker” var, bir kompüterdir, bir də özü. Hər gün kompüterin qarşısında oturub danışır. Guya ki, mesajlar verir. Onu dəvət edirəm, istənilən internet saytına gəlsin, danışaq, ona cavab verək. Biz ona başa salaq ki, dünya nə deməkdir. Dünya o demək deyil ki, kompüter qarşısında oturub mesajlar verəsən. Bu gün görülən işlərə kölgə salmağa çalışmaq, insanlara düzgün olmayan məlumat vermək yerində deyil. Nə vaxt istəyir, biz debata hazırıq”, - deyə Novruzov əlavə edib.

“Rəsulzadənin, Nərimanovun, Bağırovun yarımçıq qalan arzularını gerçəkləşdirən lider məhz “sobiratel zemeldir””

“19 apreldə 4 kəndin işğaldan azad olunması xəbəri 44 günlük müharibədə Ali Baş Komandanın xalqa tarixi müraciətlərinin davamıdır. Nəinki bir kənd, hətta bir ev də Vətəndir. Təkcə Qarabağ və ətraf ərazilərdə deyil, daha böyük corafiyalarda itirdiyimiz tarixi yurd yerlərinin qaytarılması İlham Əliyevi son 3 əsrin qəhrəmanına çevirir”. Bu sözləri isə çıxışında deputat Zahid Oruc səsləndirib.

Millət vəkili tarixə ekskurs edərək bildirib ki, Nüvədinin itirilməsi ilə Naxçıvanın Azərbaycandan ayrı düşməsi tarixi reallığı, indi qaytarılan 4 kəndin ərazisindən daha böyük mənəvi-siyasi və hərbi-təhlükəsizlik əhəmiyyətini sübut edir: “Elə Rusiya-Ukrayna müharibəsində hər kənd uğrunda həyatını itirən minlərlə insanı gördükdə Ağdam, Kəlbəcər, Laçın, Zabux, Sus, o cümlədən 4 kənd üçün verilməyən şəhidlərimiz üzərindən hesablayanda qələbəmizin dəyəri daha  böyük görünür. Rus dilində məşhur bir ifadə var- "sobiratel zemel!". Dilimizdə qarşılığı ona görə yoxdur ki, onu qazanan rəhbərimiz olmayıb. İndi sərhəd xətlərini ordunun və diplomatiyanın gücü ilə yenidən çəkən, Rəsulzadənin, Nərimanovun, Bağırovun yarımçıq qalan arzularını gerçəkləşdirən lider məhz “sobiratel zemeldir”. Torpaqları toplayanda millət də, dövlət də böyüyür”.

Millət vəkili: “Paşinyan demək istəmişdi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək”

“Prezident dünən kollektiv Qərblə savaşan Putinə onun 1960 nəfərlik ordusundan çox, məhz Azərbaycanın qlobal  fitvalara qoşulmadan, forpost olmadan, Bakıdan Mokvaya zərbə vurulmayacağına zəmanət verir. “Qarabağ işğal olunub” deyən Avropa Parlamenti, Fransadan fərqli olaraq, 19 aprel razılaşması Qərbin əleyhimizə apardığı etnik təmizləmə və ilhaq kampaniyasına da zərbə vurur. Həmçinin “Azərbaycanın Ermənistana hücum edəcəyi”nə dair son 6 ayda tirajlanan dezinformasiyaları alt-üst edir.

Ona görə sazişi BMT baş katibi, ABŞ dövlət katibi, Avropa İttifaqının rəhbərləri və onlarla ölkənin xarici siyasət idarəsi də alqışlamalı oldu.  Kəndlərin qaytarılmasına ya bütövlükdə, ya da birtərəfli olduğu üçün etiraz edən “26 sentyabr beyinli”lərə də Paşinyanın dili ilə cavab verməliyik. Erməni Baş nazir Bakının ultimatumunu son bir ayda iki dəfə Tavuş camaatına çatdırarkən xəbərdar etdi ki, əgər razılaşmasanız, regionda partlayış olacaq. Yəni sadə dilə çevirsək, Paşinyan demək istəmişdi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək”, Z.Oruc fikirlərini tamamlayıb.

“İran Azərbaycana qarşı öz siyasətini, münasibətini dəyişməlidir”

Deputat Qüdrət Həsənquliyev isə çıxışında bildirib ki, Ermənistan Azərbaycana qarşı düşmənçilik siyasətinə son qoymalı, Naxçıvana gediş-gəlişə mane olmamalıdır: “Bu ölkənin gələcəyi Azərbaycan və Türkiyə ilə dostluq əlaqələrindən, kommunikasiya xətlərinin açılmasından keçir. Bunu İrəvandakılar dərk etməlidirlər. Ermənistanın mövcudluğu qonşuları ilə normal əlaqələr qurmasından asılıdır”.

“Eyni zamanda, düşünürəm ki, qonşu, müəyyən mənada da türk dövləti saydığımız İran Azərbaycana qarşı öz siyasətini, münasibətini dəyişməlidir. Azərbaycan xalqını qıcıqlandıran açıqlamalardan çəkinməlidirlər. İran və Ermənistan nə qədər tez düz yola qayıtsa, o qədər yaxşıdır”, millət vəkili əlavə edib.

Çıxışlardan sonra deputatlar plenar iclasın gündəliyinə çıxarılan məsələlərin müzakirəsinə başlayıblar.

Müəllif: Anar Bayramoğlu