“Azərbaycan Ermənistan ərazisinə cavab zərbəsi endirsə, Rusiya müdaxilə etməyəcək”

Aktual

27.10.2020 - 23:21

Həkimlər Klinikalar SEO Xidməti

Aleksandr Perenciyev: “Bakı təmkin göstərməyə çalışmalı və İrəvanın təxribatlarına uymamalıdır”

 

Rusiya bayraqlarının Azərbaycan-Ermənistan sərhədində görünməsi həyəcanverici bir siqnaldır. Xüsusilə, bu sərhədlərdən erməni tərəfinin hücum etdiyini nəzərə alsaq, vəziyyətin gərgin olduğunu deyə bilərik. Rəsmi Bakı artıq bu hücumlara Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq cavab verəcəyini açıqladı.

 

Hərbi əməliyyatların necə inkişaf edəcəyi, Rusiyanın müdaxilə edəcəyi, yoxsa bitərəfliyini qoruyub saxlayacağı barədə AYNA-nın suallarını Plexanov adına Rusiya İqtisadiyyat Universitetnin Politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya Zabitlər Təşkilatı”nın Ekspertlər Şurasının üzvü Aleksandr Perenciyev cavablandırıb.

 

- İndi Ermənistan rəhbərliyi Rusiyadan kömək istəyir. Moskvanın münaqişəyə, Ermənistan ərazisində hərbi əməliyyatlar olduğu təqdirdə birbaşa müdaxilə edə biləcəyi aydındır. Ancaq eyni zamanda, ermənilərin Azərbaycana birbaşa öz ərazilərindən necə hücum etdiyini görürük. Sizcə, Ermənistan tərəfindən təxribat halında belə, Azərbaycanın cavab tədbirləri Rusiyanın müdaxiləsinə səbəb olacaqmı?

 

- Rəsmi İrəvan hər tərəfdən Rusiyanı öz tərəfində Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək üçün bir nümunə yaratmağa çalışır. Rəsmi Moskva mövcud vəziyyəti yaxşı bilir və belə bir ssenarinin inkişafının qarşısını almaq üçün hər cür tədbirlər görəcək. Yəni, Ermənistan ərazisindən Azərbaycanın, aralarında etnik ermənilər və rusların da olduğu mülki əhalisinə qarşı raket və artilleriya zərbələri endirilsə, o zaman Azərbaycan tərəfinin bu atəş nöqtələrini susdurması Rusiyanın münaqişəyə hərbi müdaxiləsi üçün əsas olmayacaq. Ancaq burada, yenə də əsas odur ki, rəsmi Bakı təmkin göstərməyə çalışmalı və erməni tərəfinin təxribatlarına uymamalıdır. Eyni zamanda, beynəlxalq hüququn bütün subyektlərinə, xüsusən ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk Qrupunun üzvlərinə rəsmi İrəvanın gözlənilən oxşar təxribat xarakterli hərəkətləri barədə rəsmi şəkildə bildirilməlidir. Eyni zamanda, bu günə qədər Ermənistan rəhbərliyi, üz tutduğu bütün qapılara Azərbaycandan şikayətlənir: Rusiya, NATO, Avropa İttifaqı və s. Lakin rəsmi İrəvan hələ də xarici hərbi qoruma və dəstəyə ümid edərək münaqişəni həll etmək üçün konkret kompromis addımlar təklif etməyib. Və bu cür dəstəyin kimdən - NATO-dan, KTMT-dən və ya Roma Papasından gələcəyi vacib deyil.

Встреча глав Генштабов России и Турции: подробностей не будет

- KTMT Nizamnaməsinə görə, bir ölkə təşkilatın üzvüdürsə, amma eyni zamanda, təcavüzkardırsa, onun maraqları nə qədər qorunur?

 

- Dediyiniz məsələ, ümumiyyətlə müdafiə təşkilatı olan KTMT-nin Nizamnaməsində yoxdur. Artıq dəfələrlə “kollektiv təhlükəsizlik” ifadəsinin və Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlamasının necə əlaqələndirildiyi sualını qaldırdım. Əminəm ki, KTMT bu məsələdəki kritik ziddiyyəti yaxşı başa düşür. Təşkilatın Dağlıq Qarabağdakı və ətrafındakı bölgələrdə baş verənlərə reaksiyası, daha dəqiqi desək, reaksiyanın olmaması də, məhz bu amillə bağlıdır.

 

- İndi çoxları Rusiyanın siyasətini anlamağa çalışır. Moskva Ermənistanı tam dəstəkləmir, ancaq BMT Təhlükəsizlik Şurası çərçivəsində Azərbaycana təzyiq göstərməyə çalışır. Kremlin bu siyasətini necə başa düşmək olar?

 

- Əvvəllər də Azərbaycan mediasına Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinə hərbi yolla açıq şəkildə müdaxilə etməyəcəyi barədə danışmışam. Lakin, Moskvanın eyni zamanda, hərbi əməliyyatları dayandırmaq və sülh danışıqlarına keçmək üçün rəsmi Bakıya hər cür şəkildə təzyiq göstərəcəyi də bəllidir. Bunula belə, rəsmi Bakının bütün bu cür təzyiqlərə baxmayaraq, torpaqlarını azad etmək əməliyyatına davam edəcəyini də söyləmişdim. Buna görə də, Ermənistan-Azərbaycan münaqişəsinin payız kəskinləşməsindən əvvəl dediklərimə heç bir şey əlavə etmirəm. Qeyd etmək istərdim ki, indi Dağlıq Qarabağ hadisələri ilə bağlı müsahibə verməkdən çox çəkinirəm, çünki hadisələrin bu cür inkişafı barədə, habelə Rusiya, KTMT və sairin necə reaksiya verəcəyi barədə dəfələrlə xəbərdarlıq və proqnoz vermişəm. Sadəcə, əvvəllər xəbərdar etdiyim eyni şeyi təkrarlamaq istəmirəm. İndi bütün proqnozlarım həyata keçməyə başlayır.

Müəllif: Nicat Hacıyev