Azərbaycanda kənd karantinə alınıb, məktəblərdə koronovirus yoxlamaları aparılır

Aktual

23.09.2020 - 13:20

Həkimlər Klinikalar SEO Xidməti

“Məktəb dezinfeksiya edilib və xəstələrin ailə üzvləri öz evlərində təcrid olunublar”

 

21 sentyabr 2020-ci il tarixində Təhsil Nazirliyi Quba rayonunun Qamqam kənd orta məktəbinin 8 müəlliminin koronavirusa yoluxduğunu elan etdi. Yerli medianın yazdığına görə, bu səbəbdən məktəbdə tədris prosesi dayandırılıb və onlayn formata keçirilib. Təhsil Nazirliyi kütləvi infeksiyanın səbəbini sosial məsafəyə riayət olunmaması və qoruyucu maskalara laqeyd yanaşma ilə izah etdi.

 

Quba rayon Təcili Tibbi Yardım Şöbəsinin müdiri Namir Cabbarovun AYNA-ya verdiyi məlumata görə, Qamgam məktəbində yalnız müəllimlər deyil, həm də onların ailə üzvləri, habelə bir məktəb kitabxanaçısı da virusa yoluxub.

 

Koronavirusun Qubada, xüsusən Qamqam kəndində daha da yayılmamasının qarşısını almaq üçün hansı tədbirlərin görüldüyünü öyrənməyə qərar verdik. Quba Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Məmmədovdan öyrəndiyimizə görə, bütün lazımi tədbirlər görürülür: “İcra hakimiyyəti başçısının əmri ilə bütün məktəblərdə koronavirusun olub-olmadığını yoxlayan mobil qruplar yaradılıb”.

 

Quba Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbəri Tahir Nuriyev isə AYNA-ya deyib ki, Qamqam məktəbində karantin elan olunub: “Məktəb dezinfeksiya edilib və xəstələrin ailə üzvləri öz evlərində təcrid olunublar”.

 

Xəstələrin ailə üzvləri koronavirus testindən keçibmi? Bu sualın cavabını Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əliyar Sərvərovdan aldıq. O, xəstələrin ailə üzvlərinin müayinəsinin, ehtiyac yaranarsa, mərhələli şəkildə aparılacağını qeyd etdi.

Müəllif: Rəşad Rüstəmov