Erməni təbliğatı türk respublikalarının da “gözünü pərdələməkdədir”

Aktual

24.10.2020 - 22:49

Qazaxıstanlı politoloq: “Bütün portallarımız Rusiyadakı erməni lobbisinin nəzarət etdiyi xəbərləri çatdırır”

 

“Qarabağda yaşanan müharibə Rusiya mediasında çalışan ermənilər tərəfindən Ermənistan üçün lazım olan nöqteyi-nəzərdən çatdırılır. Açığını deyim ki, əslində, Azərbaycan mümkün qədər rəqabət aparmağa çalışsa da, informasiya müharibəsində böyük fərqlə uduzur. Misal olaraq Qazaxıstanı götürək. Burada tamamilə bütün informasiya portalları Qarabağ barədə xəbərləri Rusiya KİV-lərindən yayımlayır, yəni onlara Rusiya Federasiyasındakı erməni lobbisi tərəfindən qəsdən idarə olunan xəbərlər çatdırılır. Buna görə də xəbər lentləri Qarabağ hadisələrinin anlaşılmaz izahı ilə doludur ”.

 

Bunu AYNA-ya açıqlamasında qazaxıstanlı politoloq İslam Kurayev deyib. Onun sözlərinə görə, alternativ olaraq oxucular, ümumiyyətlə cəbhədən Qarabağ məsələsinin mahiyyətini əks etdirən və bitərəf açıq mənbələrə müraciət etməyə məcburdurlar: “Onların sayı isə çox deyil. Əsasən Azərbaycanı dəstəkləyən adi vətəndaşlar məlumatlarını məhz belə mənbələrdən alırlar. Ancaq informasiya müharibələrinin qurbanına çevrilənlər də var ki, xoşbəxtlikdən onların çox az hissəsi Qazaxıstandadır”.

Действия Азербайджана в рамках нагорно-карабахского конфликта соответствуют  международному праву - политолог

Kurayevin özü bir müddət əvvəl erməni lobbisinin nümayəndələrinin yaratdığı problemlə qarşılaşıb. Televiziya kanallarından biri uzun müddət onu müxtəlif suallarla danışdırandan sonra nəticədə çıxışı, sözün əsl mənasında 15-20 saniyəyə qədər kəsilib. Və belə məlum olub ki, guya, ekspert deyib ki, “Qarabağdakı müharibə yalnız Türkiyəyə sərf edir”. Yəni, onun fikri tamamilə kontekstdən çıxarılıb.

 

“Belə bir şəraitdə, rusdilli oxucu arealında əsas xəbər agentliyinə çevrilə biləcək blogerlər üçün imkanlar yaratmaq lazımdır. Azərbaycan müstəqil mütəxəssisləri müxtəlif meydanlara yığmalı, o cümlədən cəbhəni ziyarət etmək üçün cəlb etməlidir ki, onlar həqiqəti insanlara çatdırsınlar və gördüklərini göstərsinlər. İkinci ölkələrin vasitəçiliyi ilə dünyanın böyük mediasında da sifariş verə və Dağlıq Qarabağ mövzusunu işıqlandıra bilərsiniz. Mexanizmlər, əslində çoxdur. Ən azından Ukrayna və ya Qazaxıstandan mütəxəssislər cəlb olunarsa, düşünürəm ki, informasiya siyəsti üçün yaxşı bir konsepsiyası hazırlamaq mümkün olacaq”, - deyə politoloq vurğulayıb.

 

Müsahibimizin fikrincə, hazırda dünya posthəqiqət dövrünü yaşayır ki, bu zaman da yayılan məlumatın həqiqət olması vacib deyil: “Feyklər və müxtəlif növ yalan informasiya ötürmələri düşmənə qarşı psixoloji hücumdur. Birinci və İkinci Dünya müharibələri dövründə təbliğat ruporlarının necə işlədiyini xatırlamaq kifayətdir. İndi də bənzər bir vəziyyət yaranıb. Burada tam miqyaslı “fact-checking” (fakt yoxlaması) aparılmalı, axtarış sistemlərində saxta məlumatları azaldan və həqiqi məlumatları artıran müxtəlif texnologiyalardan istifadə etməlisiniz. “Vikipediya”nı daim redaktə etmək, bütün qüsurları aradan qaldırmaq və bu sistemi daim izləmək vacibdir. Dünya onsuz da irəli gedir və Azərbaycan yeni texnologiyalar üzrə mütəxəssislər cəlb etməlidir!”.

 

Dadaş Ağayev,

xüsusi olaraq AYNA üçün

Müəllif: Ayna.az