Mahmud Mahmudov: “Bizdə tələbənin özünü həkim kimi hiss etməməsi üçün hər cür şərait yaradılır”
Türkiyənin Hacettepe Universiteti Xəstəxanasının azərbaycanlı ümumi cərrahı Mahmud Mahmudov AYNA geniş müsahibəsində maraqlı məqamlardan danışıb. Beləliklə:
- Doktor, siz Azərbaycanda tibb təhsili almısız, həmçinin Türkiyədə də təhsil alıb fəaliyyət göstərirsiniz. Yəni, hər iki ölkənin səhiyyə sisteminə bələdsiniz. Türkiyə və Azərbaycan səhiyyəsinin əsas fərqləri nədir və Türkiyə səhiyyəsinin üstünlükləri nədən qaynaqlanır?
- Bütün bunların təməlində təhsil dayanır. Məsələn, mən Azərbaycan Tibb Universitetini (AzTU) bitirəndən sonra özümü qətiyyən həkim kimi təsəvvür edə bilmirdim. Çünki Tibb Universitetini bitirən tələbələr həm təcrübə, həm də nəzəriyyə baxımdan geridə olurlar. Universiteti bitirib TUS (Tıbda Uzmanlıq Sınavı) imtahanına hazırlaşanda başa düşdüm ki, dünyada daha üstün tibb təhsili var imiş. Məsələn, Hacettepe Universitetinin 6-cı kurs tələbəsi ilə Azərbaycan Tibb Universitetinin 6-cı kurs tələbəsinin əlində olan şəraitlər bir-biri ilə müqayisə olunmaz dərəcədə fərqlidir. Məsələn, Türkiyə universitetlərinin 24 saat fəaliyyət göstərən kitabxanaları var. Amma mən AzTU-da oxuyanda kitabxana 17:00-da bağlanırdı. Bundan əlavə, universitetdə tələbə kartı ilə tələbələrin pulsuz yemək yeyə biləcəkləri yerlər olur. Təkcə Hacettepe Universitetinin üç ədəd yataqxanası var. Universitet tələbələrə cüzi məbləğdə kirayə evlər təklif edir. Bununla yanaşı, həm kirayə, həm də yataqxanada qalmaq istəməyən tələbələr üçün universitet yenə də təkadamlıq evlər təklif edir. Bir sözlə, həm yaşayışı, həm qidası, həm də təhsili müqayisə olunmaz dərəcədə üstünlük təşkil edir. Bizim universitetlər isə sadəcə bir neçə mərtəbəlik binadan ibarətdir.
Bizim dövrümüzdə tədris terapevtik və tədris cərrahiyə klinikaları yeni açılmışdı. Ondan əlavə, biz hər tənəffüsdə göz xəstəlikləri dərsi üçün Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutuna marşrutla gedirdik və bu da hər tələbənin öz cibindən olurdu. Təbii ki, belə olan halda tələbənin həm vaxtı gedir, həm maddi cəhətdən özünü təmin etməkdə çətinlik çəkir, həm də aldığı klinik təhsil sıfıra bərabər olur. Azərbaycanda klinik olaraq heç bir ümmumi cərrahiyyə rezidenti internaturada xəstədən qan almır, xəstəyə nazoqastrik zond taxmır və bu klinik bilgiləri onlara öyrədən də yoxdur. Bir sözlə, bunun təməli tibbi təhsilə dayanır. Bizdə isə tələbələr istənilən imtahandan rüşvətlə keçə biləcəyini düşündükləri üçün hər şey məhv olur.
- Yəni, Türkiyədə bir tibb tələbəsini həkim yetişirmək üçün hər cür şərait yaradılır. Bizdə isə əksinə olur?
- Tamamilə doğrudur. Bizdə əksinə olaraq tələbənin özünü həkim olaraq hiss etməməsi üçün hər cür şərait yaradılır. Düzdür, eşitdiyimizə görə, son zamanlar bu cür xoşagəlməz hallar dəyişməyə doğru gedir. Amma yenə də tələbə yataqxanasında tələbəyə yemək verilmir, kitabxanası 24 saat işləmir və s. Bütün bunlara görə, Türkiyə ilə Azərbaycan səhiyyəsi arasında həddindən çox məsafə var.
- Müqayisə etmişkən, hazırda bütün dünya pandemiyadan əziyyət çəkir. Bəs, Türkiyədə koronavirusla mübarizədə hansı tədbirlər görüldü? Türkiyə problemin qarşısını necə aldı?
- Türkiyədə təhlükənin qarşısının alınmasının bir nömrəli səbəbi reanimasiya şöbələrinin və reanimatoloqlarının çox olması oldu. Yəni həm bu sahədə yetişən həkimlərin, həm də indiyə kimi hazırlanmış texniki bazanın olması. Ondan sonra Türkiyədə bizim Operativ Qərargaha alternativ olaraq Bilim Kurulu yaradıldı. Orada da hər ixtisasdan olan həkimlərdən ibarət komanda formalaşdırıldı. Onların birgə rəyindən çıxan tövsiyə xarakterli fikirlər dövlətə yönəldildi, dövlət də özünə uyğun olanları həyata keçirməyə başladı. Yoxsa, bizdəki kimi bu gün sərtləşən, sabah yumşalan əsassız qərarlar verilmədi. Bundan əlavə, Türkiyədə martın 11-də ilk yoluxma qeydə alınandan sonra aprelin əvvəlində koronavirusla müabrizə tədbirlərinə start verildi. Türkiyənin bu işdə uğur qazanmasının səbəbi həm də əvvəlcədən hazırlıq olmasıdır. Türkiyə Cənubi Koreya modelini tətbiq etməyə başladı. İnsanlar test edilirdi, test nəticəsi müsbət çıxan xəstə ilə əlaqədə olan bütün adamlar da test edilir və xəstəxanaya yerləşdirilirdi. Ondan sonra da evdə izolyasiya tədbirlərinə keçilməyə başlanıldı. İlk dərman olaraq da “Hidroxlorixin” tətbiq edildi.
Ən önəmlisi isə, bizdən fərqli olaraq, sığorta sistemi olduğuna görə, Təcili Tibbi Yardım (TTY) xidmətləri çox mütəşəkkil və operativ işlədi. Yəni, xəstəxanalarda yetərincə mütxəssis, texniki baza, TTY, dərman və bunların hamsını həyata keçirən sığorta sisteminin olması üstünlük qazandırdı. Azərbaycanda sığorta sistemi olmadığına görə, pulu olmayan TTY-ni evə çağrmadı, evə çağırılan təcili yardımlar isə vaxtında gəlmədi. Gələndə isə xəstələrin əksəriyyətinə “Parasetamol” dərmanı verib qızdırmasını salmağa çalışdılar. Yəni xəstələrin yerləşdirilməsi üçün yetərincə xəstəxanalar, xəstələrə baxacaq reanimatoloqlar olmadı. Bundan əlavə, Türkiyədə günlük test sayı 100 mindən çox olurdu. 100 min testdən də sadəcə 1000 nəfərin testi pozitiv çıxırdı. Bizdə isə hələ 5-10 min arasında test edilir və 5 mindən 500 nəfər müsbət çxırdı. 5 min testdən isə 500-ü müsbət çıxırsa, deməli yetərli test sayı edilməyib.
- Bəs, bu istiqamətdə maarifləndirmə hansı səviyyədə idi?
- Türkiyədə bütün dövlət, hökumət, özəl sektor əhalinin koronavirusla mübarizədə maarifləndirilməsinə başladı. Bizdə isə insanlar maskanı belə, öz pulu ilə alırdılar. Azərbaycanın Bakı da daxil olmaqla, bəzi rayonlarında koronavirusun siyasi oyun olduğunu deyənlər var. Bizim cəmiyyətdə spekulyativ fikirlər yayılıb ki, bəzən o fikirlərə qarşı heç bir şəkildə cavab verə bilmirsən. Bu da heç bir halda əhalinin günahı deyil. Çünki səhiyyə sisteminə inam yoxdur. Əhaliyə bu günə qədər karantinə əməl edilməsinin lazım olduğunu deyənlər, həmin əhaliyə bu günə qədər pulsuz xidmət göstərməyiblər. Əhali o həkimlərə necə inansın? Yəni, virusla mübarizədə olan problemlər, əslində bu günə qədər olan problemlərdən qaynaqlanırdı. Ki, bu günə qədər olan əskikliyimiz bu gün qarşımıza çıxdı.
Bizim həkimlər COVID-19-la mübarizə apara bilmir, xəsətəxanalarda texniki baza çatışmır, reanimataloqlar belə, stiuasiyaya hazır deyildilər. Türkiyəyə baxıb həftəsonu sərt karantin tətbiq etdilər. Amma Türkiyədə həftəsonu karantində bütün bələdiyyələrin çörək paylayan maşınları binaların arasında çörək satırdı. Onlayn marketlər çalışırdı. Evə yaxın marketlərə getməyə icazə vardı. Azərbaycanda isə bütün həyatı dayandırmışdılar. Bundan başqa, xəstəxanalarda kifayət qədər maska, kambinzon, əlcək və s. yoxdur. Yəni hamısı üst-üstə yığıldı deyə, çətinlik də çox oldu. Azərbaycanda bu problemdən ən çox zərər çəkən isə reanimatoloqlar oldu. Çünki özləri xəstələrin içində oldular. Yoluxanda isə onları savadlı reanimatoloqlar müalicə etmədi. Ən önəmlisi isə Türkiyədə testlər əlçatan və pulsuzdur. Azərbaycanda isə könüllü test vermək 100 manata başa gəlir. Əgər sən simptomları hiss edirsən və pulun yoxdursa, test də verə bilmirsən. Sonra da gedib əlaqədə olduğun bütün insanları yoluxdurursan. Mən özüm də bir ay əvvəl yolxumuşdum. Xəstəxanada 7-8 dəfə test vermişdim. Bu testlər üçünsə pul ödəməmişdim.
- Türkiyədə indiki vəziyyət necədir?
- Türkiyə sənayesi, iqtisadiyyatı bizdəki kimi ancaq neftin üzərində qurulmayıb. Ona görə də istehsalat sahəsini, məktəbləri və digər yerləri dayandıra bilmədilər. Buna görə də Türkiyə mart ayında tətbiq etdiyi karantini, iyul ayında yumşaltmağa başladı. Bundan əlavə, Türkiyədə bizim neftdən əldə etdiyimiz gəlir qədər turizimdən gəlir əldə edilir. Ona görə də məcbur olaraq 65 yaşdan aşağı, 20 yaşdan yuxarı olan insanlar çölə çıxa bildilər. Lakin xarci uçuşlar bərpa ediləndən sonra yoluxma sayı da artmağa başladı və artıq avqustun 31-dən Türkiyədə yenidən bəzi tədbirlər görüləcək.
- İstər Türkiyədə, istərsə də Azərbaycanda ikinci dalğa ehtimllarını necə dəyərləndirirsiz?
- Bu məsələdə ikinci və ya birinci dalğa məsələsi irrasional termindir. Yəni bu, əllə tutulacaq deyil deyə, dalğa söhbəti də həndəsi termindir. Yəni yoluxma sayı pik həddə çatır, sonra düşür, yenidən çoxalırsa, bu, ikinci dalğa deməkdir. Türkiyədə yoluxma çox olmadığına görə, ikinci dalğanın olduğu təsdiqlənmədi. Amma İspaniya Türkiyədən iki ay əvvəl yumşalmaya getdi deyə, orada yoluxmalar yenidən çoxaldı və bu oldu onların ikinci dalğası. Azərbaycanda da fevral-mart aylarında artan yoluxmalar, karantin nəticəsində azalmışdı. Lakin yumşalmalardan sonra yoluxmalar yenidən artdı. Deməli bu, Azərbaycanın ikinci dalğası idi. Yəni ÜST-də “ikinci dalğa” termini yoxdur, “ikinci yayılma” termini var. Koronavirus təkzəncirli virusdur. Zəncirin çevrəsində çıxıntılar var və ona görə də “taclı virus” deyirlər. İndiyə qədər koronavirusun SARS və MERS növləri var idi. SARS ciddi tənəffüs çatışmazlığı, MERS isə orta tənəffüs çatışmazlığıdır. Yeni tipli koronavirus isə “Nyu COVID”dir. Bunların taclarında da ən kiçik dəyişiklik olanda xəstəlik öz seyrini dəyişir.
- Yəni, ikinci yayılma daha təhlükəsizdir?
- Daha təhlükəsiz olmasının səbəbləri var. Bu da xəstəliyin simptomalarının bir-birindən fərqli olmasındadır. İndi halsızlıq, əzələ ağrısı, ishal əsas simptomlardır. Yəni xəstəliyin tamamilə kilinik simptomları insandan-insana fərqli ola bilər. Həmçinin, xəstəliyi keçirmə də fərqli olur. İmmun sistemi güclü olanlar demək olar ki, heç bir kəskin problem hiss etmirlər. Yaşı 65-dən yuxarı olan, əlavə xəstəliklərdən əziyyət çəkənlər isə daha ağır keçirirlər.
- Son olaraq, tövsiyələriniz nədir?
- Onsuz da bizdə tövsiyələr Operativ Qərargahın monopolyasındadır. Operativ Qərargah dənizi açır, açıq havada restoranları açır, amma rayonlara gediş-gəlişi açmır. Bakını bağlamağı, haradasa anlamaq olar. Çünki ən çox yoluxma Bakıdadır. Amma virusun nəzarət altında olduğu rayonlarda karantin tamamilə məntiqsizdir. Bundan başqa, insanlara pulsuz maskalar paylanmalıdır. Nə qədər deyilsə də, heç kim cibindən pul verib gündə bir neçə maska amaz. Ən böyük çatışmazlıq isə testin pulla olmasıdır. Yəni test əlçatan olsun, maska, spirt daha ucuz, ya da pulsuz olsun, bir də insanların iş şəraitini sosial məsafəyə uyğun tənzimləsinlər. Həm də prosesə yetəri qədər mütəxəssisin cəlb edilməsi lazımdır. Vaxtında bizim rezidentura tələbələrinə maaş verilsəydi, onlar indi apteklərdə əczaçı yox, həkim işləyirdilər, bu gün də Kubadan həkim gətirməyə ehtiyac olmazdı…