“Moskva bizi Zod yatağına yaxın buraxmadı” – <font color=red> KRİH rəsmisi</font>

Aktual

02.12.2020 - 20:20

Mahir Mustafayev: “Söyüdlü yatağının istismarı ilə bağlı Azərbaycan SSR ilə Ermənistan SSR arasında heç bir razılaşma olmayıb”

 

Kəlbəcər erməni işğalçılarından azad edildikdən sonra Söyüdlü (Zod) qızıl yatağının mülkiyyəti məsələsi gündəmə gəldi. Bu yataq Azərbaycan tərəfdən Kəlbəcər bölgəsi və Ermənistan tərəfdən Basarkeçər bölgəsi ərazisinə düşür.

 

Mədən 1951-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin “Kavkazzolotorazvedka” bürosunun geoloji kəşfiyyat dəstəsi tərəfindən kəşf eilib. Məhz bu idarə 1955-ci ilə qədər Qafqazın bütün ərazisində qızıl aztarışı üzrə bütün növ geoloji kəşfiyyat işləri aparıb. Cənubi Qafqaz zonasındakı qızılın əsas üstünlük xüsusiyyəti tərkibində qarışıqların az olmasıdır. 1976-cı ildə Söyüdlü mədəninin ekspluatasiyasına (istismar) başlanıldı.

 

Yatağın çox hissəsinin (qızıl daşıyıcı damarların 74%-i) Azərbaycanda yerləşməsinə baxmayaraq, SSRİ Geologiya Nazirliyinin əmri ilə yatağa nəzarət Ermənistanın Geologiya İdarəsinə verildi. 1993-cü ildə Kəlbəcər rayonunun işğalından sonra mədən ərazisi Ermənistanın tam nəzarətinə keçdi. Ermənistan da öz növbəsində qızıl mədənini beynəlxalq bir şirkətin – “GeoProMining Group”un (GPM) mülkiyyətinə verdi.

 

Kəlbəcər ərazisinin işğalına baxmayaraq, Azərbaycan bu mədənin Azərbaycan hissəsindəki hüquqlarından heç vaxt imtina etməyib. 20 Avqust 1997-ci ildə Azərbaycan hökuməti onu “RV Investment” ilə imzaladığı ilk uzunmüddətli beynəlxalq “qızıl müqavilə”sinə daxil etdi.

 

Erməni ekoloq və jurnalist Qalust Nanyana görə, 1989-cu ildə Ermənistan SSR Nazirlər Sovetinin qərarı ilə şərq sərhədinin müəyyənləşdirilməsi Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vladimir Movsisyanın rəhbərliyi altında həyata keçirildi. “Əvvəllər bütün mədən ərazisi Ermənistan Kommunist Partiyasının rəhbəri Karen Dəmirçiyanın səyləri ilə icarəyə götürülmüşdü və yeni demarkasiya əsasında mədən tamamilə Ermənistan SSR-ə verildi. Beləliklə, Bakının qızıl mədənləri ilə bağlı bütün iddiaları qanunsuz və əsassızdır”, - deyə Qalust Nanyan bildirdi.

 

AYNA Söyüdlü yatağının işlədiləmsi üçün Azərbaycan SSR və Ermənistan SSR arasında icarə müqaviləsinin həqiqətən bağlanıb-bağlanmadığını öyrənməyə çalışıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevadan öyrəndiyimizə görə, yatağın icarə müqaviləsi əsasında Ermənistana verilməsi barədə onlarda məlumat yoxdur.

 

Kəlbəcər Rayon İcra Hakimiyyətinin (KRİH) Ərazi idarəetmə şöbəsinin müdiri Mahir Mustafayev isə bildirdi ki, Söyüdlü yatağının istismarı ilə bağlı Azərbaycan SSR ilə Ermənistan SSR arasında heç bir razılaşma olmayıb: “SSRİ dağılmazdan əvvəl mən Kəlbəcər Rayon İcraiyyə Komitəsinin (İspolkom) ümumi şöbəsinə rəhbərlik edirdim. Ermənilər bu qızıl mədənini Azərbaycanla heç bir razılaşma olmadan istismar edirdilər. Mədənin çox hissəsinin Azərbaycan ərazisində yerləşməsinə baxmayaraq, Moskva yatağı istismar etməyimizə icazə vermədi”.

Müəllif: Rəşad Rüstəmov