Sülhə bir az da yaxınlaşdıq, amma: İrəvandakı siyasi dəllallar iş başında

Aktual

25.04.2024 - 18:03

Zərdüşt Əlizadə: “Sülhü hər iki cəmiyyət alqışlamalıdır, prosesə mane olan təxribatçılara isə bunu pozmağa dövlətlər imkan verməməlidirlər”

Aprel ayında Azərbaycan üçün iki mühüm hadisə yaşandı. Birincisi, aprelin 17-də Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin ərazidən çıxmasıdır. Kreml və Bakıdan verilən rəsmi açıqlamalarda qeyd edilir ki, sülhməramlıların vaxtından əvvəl bölgədən çıxarılması Rusiya və Azərbaycan liderlərinin müzakirələri nəticəsində verilən qərar əsasında həyata keçirilir.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları Üçtərəfli Birgə Bəyanata əsasən bölgəyə Rusiya sülhməramlı kontingenti müvəqqəti yerləşdirilmişdi. Sənədin bəndlərindən birində göstərilirdi ki, sülhməramlı hərbi kontingent 5 il müddətində, 2025-ci ilədək Qarabağda olacaq. Əgər tərəflərdən biri etiraz etməsə, rus hərbçilərinin qalma müddəti növbəti beş il müddətinə artırıla bilərdi.

Aprelin 19-da isə Ermənistanın işğalında olan Qazaxın kəndlərindən 4-ünün Azərbaycana təhvil verilməsi ilə bağlı İrəvan və Bakı arasındakı razılıqdır. Delimitasiya işləri ilə məşğul olan müfaviq komissiyaların səkkizinci iclasından sonra qərar verildi ki, anklav olmayan 4 kənd Azərbaycana təhvil verilir. Hazırda isə Azərbaycan-Ermənistan sərhədlərinin Qazax istiqamətində delimitasiya və demarkasiyası prosesi gedir. Artıq sərhədi müəyyənləşdirən ilk sərhəd dirəkləri də quraşdırılıb.  

Gedən proseslərlə bağlı AYNA-ya danışan politoloq Zərdüşt Əlizadə deyib ki, faktiki olaraq Cənubi Qafqazda da çox ciddi proseslər gedir, tarix yaşanır:

- Rusiya sülhməramlılarının Qarabağdan ümumilikdə çıxmasında qeyri-adi nəsə yoxdur. Sülhməramlılar onsuz da müvəqqəti yerləşmişdi. 10 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli Birgə Bəyanatda sülhməramlıların Qarabağda qalmaq müddəti açıq şəkildə göstərilmişdi. Müəyyən qədər təəccüblənmək olar ki, vaxtından əvvəl ərazidən çıxırlar. Çünki Bəyanatda göstərilən müddətə hələ il yarım qalmışdı. İndi belə qərar verdilər, lap yaxşı. Buna sevinmək lazımdır. Bəziləri sevinmək yerinə konspirologiya ilə məşğuldur.

-Qeyri-adi ona görə gəlir ki, Rusiyanın sülhməramlıları çıxaracağına inam az idi...

-Niyə ki, məsələn, mən inanırdım. Bəziləri deyirdilər ki, ruslar Qarabağdan çıxmayacaqlar. Mən isə proqnoz vermişdim ki, zamanı gələndə çıxacaqlar. Çünki sülhməramlılar Qarabağda üçtərəfli sənədə əsasən yerləşmişdilər. Həmin sənəddə göstərilənlərə uyğun da Qarabağdan çıxmalı idilər. Rusların 2025-ci ilin 10 noyabrına qədər Qarabağda qalmaq hüquqları vardı. Sənəddə həmçinin qeyd olunmuşdu ki, vaxtın bitməsinə altı ay qalmış Azərbaycan tərəfi onlara qalmaları, yoxsa getmələri ilə bağlı mövqeyimizi bildirməliyik. Biz də həmin müddəti gözləyirdik ki, mövqeyimizi bildirək. Elə oldu ki, o vaxtı gözləməyə ehtiyac qalmadı, ərazimizi tez tərk etdilər və məncə, yaxşı da etdilər.

- Sizcə, rusların vaxtından əvvəl Qarabağdan getməsi qərarına nə təsir etdi?

- Çox şey təsir edə bilər. Məndə bu barədə dəqiq məlumatlar yoxdur. Amma ehtimallarımı söyləyə bilərəm. Məncə, Rusiya anladı ki, sülhməramlıların Qarabağda qalmasının heç bir mənası yoxdur. Çox güman ki, pərdəarxası danışıqlar gedib, razılıq əldə edilib. Azərbaycan tərəfindən mesajlar ara-sıra verilirdi. 2020-ci ilin 10 noyabrından sonra çox məsələlər dəyişdi. Qarabağdakı ermənilər bölgəni könüllü tərk etdilər, qayıtmaq niyyətində olmadıqlarını da göstərdilər. İndi bütün ərazilər Azərbaycan Ordusunun nəzarətindədir. Rusiya bunları təbii ki, görür, anlayır. Ruslar Qarabağdan gedən ermənilərin qayıtmaq ehtimalının olmadığını dəqiqləşdirdi, sonra bölgədən çıxmaq qərarı verdi. Vəssalam. Burada başqa nələrsə axtarmaq doğru deyil.

- Bəziləri iddia edirlər ki, Rusiya sülhməramlılarını çıxarmaq üçün Azərbaycan qarşısında hansısa öhdəlik qoyub...

- Yenə deyirəm, diplomatik kanallar vasitəsilə aparılan danışıqlardan məlumatsızıq. Bəlkə də Azərbaycanla müzakirələr aparılıb, Moskvanın müəyyən şərtləri olub. Amma məncə, Azərbaycan “yox” cavabı verib. Bakı ağıllı siyasət aparır, Moskva ilə bu məsələdə qarşıdurmaya getmədi. Sülhməramlıları antiterror əməliyyatından sonra qovmadı, Rusiyaya da dedi ki, “buyurun, vaxtları tamam olanadək qalsınlar”. Rusiya da fikirləşdi, götür-qoy etdi ki, 2025-ci ilədək Qarabağda sülhməramlıları saxlamağın heç bir mənası yoxdur. Bu, artıq xərcdir. Hazırda Ukraynada müharibə aparan bir dövlətdir, şəxsi heyətə də, texnikaya da ehtiyacı var. Sonda da Rusiyadakı hərbi-siyasi rəhbərlik çıxmaq qərarı verdi. Düşünmürəm ki, Azərbaycan hansısa öhdəlik götürüb. Onsuz da iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir, Azərbaycan Rusiyanın maraqları əleyhinə addımlar atmır. Eyni zamanda, ölkələr arasında müttəfiqlik haqqında sənəd imzalanıb və kifayət qədər də işlək bir sənəddir.

- Yeri gəlmişkən, Qazaxın işğalda olan 4 anklav olmayan kəndinin Azərbaycana qaytarılması barədə İrəvanla Bakı arasında razılıq əldə olundu, demakrasiya prosesi başladı. Bunun sülhməramlıların getməsi ilə eyni vaxta düşməsi təsadüfdürmü və ümumiyyətlə, bunu sülhə doğru addım saymaq olarmı?

- Birincisi, düşünürəm ki, siyasətdə təsadüflər çox nadir hallarda olur. Rəsmi Bakı siyasətini aparır, plana uyğun da addımlar atılır. Hətta bəyanatlar da plana uyğun verilir. Ola da bilər ki, sülhməramlıların getməsi ilə kəndlərin qaytarılmasının eyni zaman kəsiyinə düşməsi tam təsadüfdür.

Kəndlərin qaytarılmasına gəlincə, düşünürəm ki, sülhə gedən yolda etimadın yaradılmasında bu razılaşma müsbətdir. Ermənistan rəhbərliyi də, cəmiyyəti də anlayır ki, Azərbaycanla, Türkiyə ilə razılaşmaqdan, sülhdən başqa yolları yoxdur. Ermənistanın Baş naziri erməni cəmiyyətini sülhə alışdırır, beyni zərərli ideyalarla doldurulmuş ermənilərin beyinlərini təmizləyir. Ermənistan rəhbərliyi anlayırdı ki, o kəndləri Azərbaycana qaytarmalıdırlar. Çünki o kəndlər Azərbaycanın əraziləridir. Müsbət məqamdır ki, bu problem danışıqlar yolu ilə razılaşdırıldı.

Sülhü hər iki cəmiyyət alqışlamalıdır, prosesə mane olan təxribatçılara isə bunu pozmağa dövlətlər imkan verməməlidirlər. Sülhməramlıların getməyinə də, kəndlərin qaytarılması ilə sülh prosesinin başlamasına da sevinmək lazımdır. Bu gün ermənilər içərisində siyasi dəllallar 4 kəndin qaytarılması ilə bağlı qızışdırıcı mövqe sərgiləyirlər, sərhədlərin dəqiqləşdirilməsinə əngəl yaratmağa çalışırlar. Ona görə də, bu razılaşmanın pozulmaması üçün həm Ermənistan rəhbərliyi, həm də Azərbaycan rəhbərliyi çalışmalıdır. Onu demək mümkündür ki, iki qonşu dövlət və xalq sülhə yaxınlaşıblar.

Müəllif: Anar Bayramoğlu