Müsadirə edilən narkotikin “qara bazar”da dəyəri 30 milyon dollardan çoxdur
Gürcüstan Daxili İşlər Nazirliyi 298 kiloqram heroin müsadirə edib. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze deyib.
Müsadirə edilən yükün “qara bazar”da dəyəri təxminən 85 milyon lari təşkil edir ki, bu da 30 milyon dollardan çoxdur.
Narkotiklə dolu yük maşını Ququti gömrük-keçid məntəqəsindən Ermənistandan Gürcüstana daxil olub və Batumi vasitəsilə Avropaya getməli imiş. Gömrük sənədlərinə əsasən, avtomobilə odadavamlı kərpic yüklənib.
Nazir bildirib ki, heroin kərpici imitasiya edən 600 ədəd plastik qablarda aşkar edilib. Avtomobili Gürcüstan vətəndaşı idarə edib və o saxlanılıb. İstintaqla əlaqəsi olan digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.