Elmira Süleymanova vəfat edib

Xəbərlər

25.04.2024 - 14:52

Sabiq Ombudsman 87 yaşında dünyasını dəyişib

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.

AYNA APA-ya istinadən xəbər verir ki, o 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Elmira Süleymanova Azərbaycanın İnsan Hüquqları üzrə ilk müvəkkili (Ombudsman) olub. O, 1937-ci ildə Bakıda anadan olub. 1944–1954-cü illərdə Bakı şəhərindəki 134 saylı orta məktəbdə oxuyub. 1955–1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib. Həmin ildən AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərib, laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb.

Azərbaycan Elmlər Akademiyasının aspiranturasında təhsil almış, 1968-ci ildə kimya elmləri namizədi, 1980-ci ildən kimya elmləri doktoru elmi dərəcəsi, 1970-ci ildə baş elmi işçi, 1988-ci ildə professor rütbəsi alıb.

Elmira Süleymanova 2002-2019-cu illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə ilk Müvəkkili (Ombudsman) olub.

Müəllif: Ayna.az