İtkin düşən pilot sabiq dövlət müşavirinin kürəkənidir

Xəbərlər

25.07.2019 - 13:57

Sabiq müşavir faktı təsdiqləyib

 

Ötən gecə qəzaya uğramış Hərbi Hava Qüvvələrinə məxsus "MİQ-29" təyyarəsinin Xəzər dənizinə düşməsi nəticəsində itkin düşən pilot sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin kürəkənidir. AYNA xəbər verir ki, sabiq müşavir faktı təsdiqləyib.

Похожее изображение

"İtkin düşən pilot polkovnik-leytenant Rəşad Atakişiyev qızımın həyat yoldaşıdır. Müdafiə Nazirliyinin məlumatından başqa heç nə bilmirik. Axtarışlar davam etdirilir”, - deyə politoloq bildirib.

 

Xatırladaq ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus təyyarə təlim-məşq uçuşları zamanı qəzaya uğrayıb.  AYNA Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.


İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.

 

Təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işi başlanılıb. Hərbi Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilməyə başlanılıb. Hazırda ibtidai araşdırma intensiv davam etdirilir.

 

Hadisə yeri müəyyən olunaraq baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və eləcə də digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək.

 

Hərbi Prokurorluğun rəhbərliyi də istintaq qrupu ilə birlikdə hadisə yerinə gedib.

Müəllif: Ayna.az