Litva Prezidenti Gürcüstana xəbərdarlıq edib

Dünya

25.04.2024 - 10:58

Nauseda: ““Xarici agentlər haqqında” qanun Gürcüstanın Avropaya inteqrasiyasına mənfi təsir göstərəcək”

“Gürcüstan Parlamentinin müzakirə etdiyi “Xarici agentlər haqqında” qanun qəbul olunarsa, bu, ölkənin Avropaya inteqrasiya prosesinə mənfi təsir göstərəcək”. AYNA xəbər verir ki, bu xəbərdarlıqla Litva Prezidenti Gitanas Nauseda Gürcüstan Prezidenti Salome Zurabişvili ilə telefon danışığı zamanı çıxış edib.

Nauseda gürcü cəmiyyətinin əhval-ruhiyyəsi ilə bağlı fikirlərini bölüşüb. "Gürcüstanın vətəndaş cəmiyyəti öz ölkəsinin gələcəyini Avropa ilə birlikdə onun bir hissəsi kimi gördüyünü dəfələrlə açıq şəkildə ifadə edib. Biz insanların iradəsini və demokratiya və azadlıq prinsiplərinin rəhbər tutulduğu cəmiyyətdə yaşamaq istəyini gözardı edə bilmərik”, - Prezident vurğulayıb.

Qeyd edək ki, ötən həftə Gürcüstan Parlamentində “Xarici agentlər haqqında” qanunun birinci oxunuşu baş tutub.

Müəllif: Ayna.az