Builki buraxılış imtahanlarının “sirri” çözüldü

Builki buraxılış imtahanlarının “sirri” çözüldü

Və ya buraxılış imtahanı məktəbin “sonu”dur, yoxsa məktəblinin?

 

İndi ölkə məktəblisi qarşıdan gələn 9-cu sinif buraxılış imtahanına hazırlıq qaçhaqaçındadır. Şagirdlər yorğun, müəllimlər tələbkar, amma hər ikisi gərgindir. Buraxılış imtahanına hazırlaşan şagirdlərin çoxu imtahan və seçdikləri qrup üzrə imtahanı hədəf aldıqlarından, məktəbin tədris proqramını tam mənimsəməyə can atmırlar.

 

Psixoloqlar şagirdlərin bu tədris proqramına və imtahana fiziki və zehni cəhətdən güclərinin çatmayacağını dəfələrlə səsləndiriblər. Bildiriblər ki, imtahan yükü azaldılmalıdır. Qeyd edək ki, builki buraxılış imtahanlarında bəzi yeniliklər var.

 

Təhsil üzrə ekspert Kamran Əsədov AYNA-ya həmin yenilikləri şərh edib: “Ötən illərin qəbul qaydalarına görə, ixtisas seçimində hər hansı bir imtahan fənni istisna olmaqla, qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərdilər. Bu il isə abituriyentlər üçün imtahan fənləri üzrə nisbi bal məhdudiyyəti, yəni hər hansı fənn üzrə minimal olaraq, müəyyən edilmiş balın toplanılması şərti qoyulmayıb. Amma builki qəbul qaydalarının ümumi şərtlərinə əsasən, abituriyentin imtahanının birinci (yəni buraxılış imtahanı mərhələsində maksimal 300 bal) və ikinci (maksimal 400 bal) mərhələsində topladığı minimal balın ümumi həddi 200 olmalıdır. Abituriyent üçün imtahanın birinci mərhələsində minimal balla bağlı tələb qoyulmasa da, onun ikinci mərhələdə topladığı bal 100-dən az olmamalıdır”.

“Yəni imtahanın birinci mərhələsində maksimum bal 300, hər fənn üzrə 100-dür, minimum bal isə 0-dır. Amma birinci mərhələdə toplanan baldan asılı olmayaraq hər kəs ikinci mərhələyə buraxılır. Yeni qaydalara görə, əgər abituriyent buraxılış imtahanında 80 bal toplayıbsa, ikinci mərhələ imtahanında minimal olaraq 120 bal toplamalıdır ki, müsabidəqə iştirak edə bilsin. Çünki müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. Əvvəllər nisbi balla qoyulmuş tələblər, eyni zamanda nisbi bal sıfır olduqda müsabiqədə iştirak edə bilməməklə bağlı qoyulan məhdudiyyətlər indi yoxdur”, - Əsədov deyib.

 

Onun sözlərinə görə, dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarına qəbul olmaq üçün abituriyentin xarici dil fənnindən (buraxılış imtahanında) topladığı nisbi bal 40 olmalıdır: “Dövlət ali təhsil müəssisələrinin “Tərcümə" (dillər üzrə) ixtisasının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 30-dan az olmayan abituriyentlər buraxılacaqlar. Abituriyent dövlət ali məktəblərinin tədrisi ingilis dilində olmayan ixtisaslarına sənəd vermədikdə nisbi bal məhdudiyyəti qoyulmayacaq. İlk növbədə qeyd edim ki, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd (attestat və ya diplom) almış şəxslər malikdirlər. Bunun üçün IX sinif şagirdləri mart ayında, XI isnif şagirdləri aprel ayının 7-si, 14-ü və 21-də, əvvəlki illərdə orta məktəbi bitirənlər isə 28 apreldə imtahanda iştirak edib minimum 60 bal toplamalı idilər. Bundan əlavə, isə onlar kolleclərə qəbul olma istəkləri ilə bağlı elektron ərizədə qeyd aparlamlı idilər”.

 

Ekspert bildirib ki, buraxılış imtahanlarının nəticəsi ilə abituriyentlər yalnız orta ixtisas təhsili müəssisələrinə və V ixtisas üzrə qabiliyyət tələb edən ixtisaslardan ali məktəblərə qəbul ola bilərlər: “Bunun üçün yalnız buraxılış imtahanlarının nəticəsi yetərlidir. Əlavə heç bir sənədə ehtiyac yoxdur. 2017-ci ildə ilk dəfə olaraq keçirilən yeni model buraxılış imtahanlarının nəticələri bərbad olmuşdu, düşünürdüm ki, 2019-cu ildə düzələr. Olmadı. Təqdim olunmuş suallar DİM-in bir müddət əvvəl “Abituriyent” jurnalının IX siniflər üçün çap edib satışa çıxardığı xüsusi buraxılışından fərqli idi. Daha çox sual “Həndəsə”dən düşmüşdü. Halbuki, bu, tədris proqramında geniş yer tutmur və ondan bu qədər çox sual salmağa ehtiyac yoxdur. Buraxılış imtahanlarında iştirakçıların minimum bilikləri yoxlanılır, maksimum bilikləri yox”.

 

“DİM-in keçirdiyi IX siniflərin buraxılış imtahanlarının nəticələrinə əsasən deyə bilərik ki, nəticələr yenə pisdir. Xatırladım ki, 2008-2009-cu tədris ilindən etibarən məktəbdaxili qiymətləndirmə milli kurikulumun məzmun standartlarına əsaslanır, şagird nailiyyətlərinin və irəliləyişlərinin monitorinqinə, şagirdin fəaliyyətinin təhsil standartlarına uyğunluğunun müəyyənləşdirilməsinə və ümumtəhsil pillələri üzrə buraxılış imtahanlarının aparılmasına xidmət edir. Şagird nailiyyətlərinin qiymətləndirilməsi standartları gözlənilməklə tədrisin təkmilləşdirilməsi üçün qarşıya məqsədlər qoyur, onlara nailolma istiqamətində əldə edilən irəliləyişləri qiymətləndirir, məktəblərin, qrupların və fərdlərin fəaliyyətlərinin monitorinqini həyata keçirərək nəticələr arasında müqayisələr aparır”, - K.Əsədov vurğulayıb.

 

Müsahibimiz hesab edir ki, şagirdlərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsi, təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsinin qiymətləndirilməsi, təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirməsi hal-hazırda 4472 orta məktəbimizdə dövlətin tələb etdiyi standartlara uyğun olaraq həyata keçirilmir: “Etiraf edək ki, uzun müddət qiymətləndirmə şagirdə qiymət yazmaq kimi qəbul olunurdu, şagird yalnız qiymət almaq xatirinə oxuyurdu. Qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilməlidir və onu idarə edən vacib amil kimi meydana çıxsın. Yeni məktəbdaxili qiymətləndirmə zamanı şagirdlərin təkcə biliklərini yox, eyni zamanda bacarıqlarını da qiymətləndirmək və qiymətləndirmə zamanı fərdi yanaşma tətbiq etmək lazımdır. Təəssüf ki, orta məktəblərdə çalışan 151 min müəllimin məktəbdaxili qiymətləndirmə ilə bağlı fəaliyyəti aşağı səviyyədədir. Orta məktəblərdə buraxılış imtahanlarının nəticələri ciddi şəkildə təhlil olunmalıdır. Bu, həyata keçirilmədiyinə görə də, hər iki IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələri çox aşağı səviyyədə olur”.

Təhsil eksperti Nabatəli Qulamoğlu da AYNA-ya şərhində, həmkarının fikrinin davamı olaraq bildirib ki, qənaətbəxş olmayan nəticələrinə baxmayaraq, buraxılış imtahanlarının ləğvinin tərəfdarı deyil: “Buraxılış imtahanı şagirdin ümumi biliyini yoxlayır, ali təhsil üçün imtahan isə kadr hazırlamaq üçündür. Buraxılış imtahanının nəticəsindən asılı olmayaraq hər kəsə attestat verilir. Amma buraxılış imtahanının nəticələri ali məktəb imtahanlarına da təsir edir və bu da şagirdin xeyirinədir. Bu gün üçün buraxılış imtahanı vacibdir. Şagirdlərin 3-5%-i oxuyur, qalanı məktəbə gedib-gəlib. Əgər o azlığı da buraxılış imtahnından azad etsək, onlar da oxumayacaqlar”.

 

“Məktəblini buraxılış imtahanından keçməyə məcbur etməkdənsə, təhsilin səviyyəsini qaldırmaq üçün səbəblər araşdırılmalı deyilmi” sualını cavablandıran ekspertin fikrincə, təhsilin aşağı səviyyədə olması ictimai mühitlə bağlıdır: “Təhsil dövlət üçün prioritet sahə deyil. Prioritet olsaydı, büdcənin 22%-i hüquq-mühafizə orqanlarına, 11 faizi isə təhsilə ayrılmazdı. Başqa sözlə, təhsil dövlətin marağında deyil”.

 

Məlumat üçün deyək ki, buraxılış imtahanında ingilis, Azərbaycan dili və riyaziyyat fənləri üzrə nəticələrə üstünlük veriləcək. Maraqlısı ondadır ki, orta məktəbin tədris proqramı ilə paralel olan buraxılış imtahanına hazırlıq pulsuz deyil. Bu fənlərdən hazırlığa gedən məktəblilər daha çox kurslara üz tuturlar. Hazırlıq kurslarında bir fənn üzrə kursun bir aylıq tədris pulu orta hesabla 50-80 manatdır. Bu, qrup üzrə (qrupda ən azı 5-6, ən çoxu 10-15 uşaq olur) kursun qiymətidir.

 

Fərdi hazırlıq və ya evdə repetitor hazırlığı isə 70-100 manat arasında dəyişir. Bütün xərclər də valideynlərin boynundadır. Sonra da deyirik ki, təhsilimiz “pulsuz”dur.

Müəllif: Raminə Eyvazqızı      14 Yanvar 2020 21:40
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin