Rusların gediş səbəbi və reallaşmayan Zəngəzur arzuları – Gündəmə möhür

Aktual

26.04.2024 - 10:15

Anar Həsənov: “Moskvada gözəl anlayırlar ki, Bakını nəyəsə təhrik etmək lüzumsuzdur və iki ölkə arasında hər hansı hərbi əməkdaşlıq olmayacaq”

Moskvada yaşayan azərbaycanlı politoloq, Rusiyanın Xalqlar Dostluğu Universitetinin dosenti, filologiya elmləri namizədi Anar Həsənov AYNA-ya müsahibəsində Azərbaycan – Ermənistan, Azərbaycan - Rusiya münasibətləri, bölgəmizin bu günü və sabahı, həmçinin geosiyasi prosesi təhlil edib. Beləliklə:

- Rusiya sülhməramlıları gözlənilmədən və vaxtından əvvəl Azərbaycan ərazisini tərk edir. Bu hadisə həm cəmiyyətdə, həm də siyasi düşərgədə çaşqınlıq yaratdı. Maraqlıdır, Moskva nəyin müqabilində bu addımı atdı?

- Bizdə belə təsəvvür var ki, Rusiya regiondan çıxmamaq üçün hər şeyə qadirdir və çıxmaq müqabilində hansısa şərtlər irəli sürüb. Mən belə hesab etmirəm. Əgər bu qədər hegemon dövlət olsaydı, 9-10 noyabr bəyanatında 5 illik müddət, həmçinin tərəflərin razılığı ilə müddətin uzadılıb-uzadılmaması qeydi əks olunmazdı. Yüz faiz əminəm ki, bu məsələ Azərbaycan Prezidentinin təkidi ilə bəyanata salınıb. Deməli, belə bir anlaşma varsa, rusların regiondan getməsi üçün hansısa şərt ola bilməz.

Rusların Qarabağdan niyə indi çıxdığına gəlincə, bunun səbəbləri var. Moskva, Rusiya kəşfiyyatı gözəl başa düşür ki, Qərbin diqtəsi ilə oturub-duran Ermənistan Azərbaycanla birbaşa danışıqlara meyillidir. Belə bir durumda regionda qalmaq Moskvaya heç bir dividend gətirmir. Eyni zamanda, boş-boşuna regionda qaldıqca, hansısa bir missiya yerinə yetirmədikcə, bu amil Azərbaycanla Rusiya arasında haqlı narazılığa səbəb olur. Qeyd olunan bu reallıqları anlayan ruslar çıxıb getdilər.

- Bizə ötən müsahibələrinizdən birində bildirmişdiniz ki, “Qarabağdakı rus əsgərlərin vətənlərinə geri dönməsi mümkün deyil, onlar oradan çıxsalar, Cənubi Qafqazda başqa bir bölgəyə yerləşməlidirlər və bu mənada ən uyğun bölgə Zəngəzur dəhlizidir”. Amma belə olmadı. Kreml Zəngəzur dəhlizinə sahiblik iddiasından əl çəkir?

- Vəziyyət Qərbin diqtəsi ilə dəyişib. Artıq hətta, Ermənistanın Türkiyə və İranla sərhədlərində dayanan rus sərhədçilərinin də bu ölkədən çıxmaq təhlükəsi yaranıb Moskva üçün. Amma Gümrüdəki hərbi baa bir simvol kimi qala bilər, çünki 2044-cü ilədək onun qalma müddəti var. Zəngəzur dəhlizinə gəldikdə, orada rus hərbçilərin olub-olmayacağı məsələsi də sual altına düşüb. Çünki Qərbin diqtəsi ilə Ermənistan Azərbaycanın haqqını qaytarmaq istəyir. Bu da Rusiyanı regiondan çıxarmağa hesablanıb.

Bu gedişata rusların cavabı necə olacaq? Əgər Rusiya yayda Ukrayna cəbhəsində önəmli uğurlar qazana bilsə, o zaman cənubda Ermənistan üzərində də təsirini gücləndirəcək və təzyiq edəcək ki, Zəngəzura yerləşmək imkanı əldə etsin. Yox, əgər Ukraynada uğur qazanılmazsa və vəziyyət indiki kimi davam edərsə, o zaman Ermənistan Azərbaycanla birbaşa danışıqlarını gücləndirəcək və ruslar üçün Zəngəzur dəhlizi fürsəti əldən çıxacaq. Moskva hansı halda Zəngəzurda dayanmaq məsələsini İrəvanın qarşısında fakt kimi qoya bilər? Ermənistan bunu istəməsə, Rusiya zor yoluna - hakimiyyətin devrilməsinə əl atmalıdır ki, bu da asan məsələ deyil.

Hesab edirəm ki, Ermənistan bu məsələdə təkidli olacaq, Azərbaycanla birbaşa danışıqları davam etdirəcək və nəticədə Zəngəzur dəhlizini ruslar qorumayacaq. Qərb də bu sahədə Ermənistana dəstək verəcək, iqtisadi baxımdan imkanlar açacaq ki, İrəvan Moskvanın təzyiqləri qarşısında tab gətirə bilsin. Yuxarıda qeyd etdiyim kimi, vəziyyət dəyişib və dəyişməkdə davam edir. Ermənilər ruslara qarşı sözdən əmələ keçirlər. Ona görə də ermənilər rusların Zəngəzur dəhlizinə gəlməsinə imkan verməyəcəklər.

- Bu proseslərin fonunda Azərbaycan Prezidenti Rusiyaya səfər etdi, görüşlər zamanı bir sıra diqqətçəkən bəyanatlar verildi. Necə düşünürsünüz, bu səfərin əsas məqsədi nəydi və bağlı qapılar arxasında hansı məsələlər müzakirə olundu?

- Mən Azərbaycan Prezidentinin Rusiyaya səfərində bir pərdəarxası məqam görürəm. Düşünürəm ki, “Crocus City” terrorundan sonra Araz Ağalarova münasibət dəyişə bilər, onun biznesi ilə bağlı problemlər meydana çıxa bilər. İlham Əliyevin Araz Ağalarovala yaxın əlaqələri, ümumi nəvələri var. Əgər hansısa qüvvələr Ağalarovu siyasi nişangaha götürərsə, İlham Əliyev bu məsələdə Putindən yardımçı olmasını xahiş edə bilər.

Məsələ ondan ibarətdir ki, Azərbaycanla Rusiyanı iqtisadi və humanitar əlaqələrdən başqa heç nə bağlamır. Azərbaycan Rusiya ilə yalnız iqtisadi müstəvidə əməkdaşlıq etmək istəyir, onunla hər hansı bir ittifaqa daxil olmaq fikri yoxdur. Ona görə də hansısa başqa məsələlərin bağlı qapılar arxasında müzakirə olunduğunu güman etmirəm. Azərbaycan öz hərbi potensialını İsrail və Türkiyə vasitəsilə zənginləşdirir. Bakı ilə Moskvanın münasibətləri sadəcə iqtisadi və humanitar sahələri əhatə edir və iki ölkə arasında bir etibarlı tərəfdaşlıq var. Moskvada gözəl başa düşürlər ki, Bakıya nəyisə “sırımağa” ehtiyac yoxdur. Çünki Azərbaycanda elə bir siyasi qüvvə hakimiyyətdədir ki, onu nəyəsə təhrik etmək, hansısa müqavilələrə imza atdırmaq lüzumsuzdur. Və Rusiyanın cənub sərhədləri çox etibarlı əllərdədir. Bu mənada Gürcüstana və Ermənistana yönəlik siyasət Azərbaycana münasibətdə sərgilənmir.

- ABŞ Konqresi Ukraynaya külli miqdarda maliyyə yardımı ayrılmasına, eyni zamanda Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə ötürülməsinə qərar verdi. Buna paralel olaraq, həm Amerikadan, həm də Avropa ölkələrindən Ukraynaya daha güclü hərbi texnika göndəriləcəyi bildirilir. Rusiya da öz növbəsində hücumlarını get-gedə şiddətləndirir. Bu gedişlə qarşıda nə görünür?

- Hesab edirəm ki, bəşəriyyət Üçüncü Dünyü müharibəsinin astanasındadır, amma bu müharibəyə Rusiya hazır olsa da, Qərb hazır deyil. Qərb istəməz ki, onun sabit şəhərləri atom silahının zərbələrinə məruz qalsın. Ona görə də düşünmürəm ki, Qərb Ukraynaya pul və silah yardımından başqa hansısa dəstək versin. ABŞ-ın və Avropanın Ukraynaya yardımının miqyası Rusiyaya müqavimət göstərməyə hesablanıb. Yəni bu yardımlar Ukraynanın dirənişini təmin edir, onun öz torpaqlarını geri qaytarmasını təmin etmir. Hesablamalara görə, müharibə Ukrayna üçün bir gündə 100 milyon dollara başa gəlir. Deməli, Qərbin maliyyə dəstəyi Ukraynaya bir neçə aylıq müqavimət göstərməyə bəs edir.

Bu baxımdan düşünmürəm ki, Ukrayna hansısa əsaslı dönüş əldə edəcək. Rusiyanın hansı uğur əldə edəcəyinə gəldikdə, güman edirəm ki, proses Zelenskinin hakimiyyətdən getməsi, yeni komanda gəlməsi və Rusiya ilə atəşkəs əldə olunması ilə nəticələnəcək. Təkrar edirəm, Qərb Rusiya ilə nüvə müharibəsinə hazır deyil. Hətta, Moskva Baltikyanı bölgəsində hansısa əraziləri özünə birləşdirsə, bu da Üçüncü Dünya müharibəsinə səbəb olası deyil.

Müəllif: İsmayıl Məmmədli