“Razılaşacağıq ki, bu mal səbəti heç bir tərəf üçün tariflərə məruz qalmayacaq”
ABŞ və Çin hökumətləri bir-biri üçün 30 milyard dollarlıq tarif güzəştini nəzərdən keçirirlər. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent deyib.
O Senatın Maliyyə Komitəsinin dinləməsində bildirib: "Biz ticarət şurası yaratmışıq və bir-biri ilə rüsumsuz ticarət edə biləcəyimiz qeyri-vacib sənaye sahələrinə və mallara baxacağıq".
Bessent qeyd edib ki, bu cür tədbirlər hər iki tərəf üçün 30 milyard dollarlıq mallara təsir göstərə bilər: "Bu, 30 milyard dollarlıq qeyri-vacib mallardır - atəşfəşanlıq, “Halloween” geyimləri, ən çox yayılmış gündəlik əşyalar, özümüz istehsal etmək istəmədiyimiz, amma onlardan almaq istədiyimiz şeylərdir", - deyə o izah edib.
"Və bunlar bizdən almaq istədikləri mallardır. Ola bilsin ki, dəniz məhsulları, enerji. Və sonra razılaşacağıq ki, bu mal səbəti heç bir tərəf üçün tariflərə məruz qalmayacaq", - deyə nazir əlavə edib.
Qeyd edək ki, may ayında Çin Ticarət Nazirliyi Çin və ABŞ-ın hər iki tərəf üçün ən azı 30 milyard dollarlıq məhsullara qarşılıqlı tarif endirimlərini müzakirə edəcəyini açıqlayıb.